Bu barədə kitabxanadan bildirilib. Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/bayraq-gunu virtual kitab sərgisində Azərbaycanın dövlət rəmzi-bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilib. İlk dəfə 1918-ci ildə, ikinci dəfə isə 1991-ci il 17 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsis edilən dövlət rəmzinin 30 illik həsrətdən sonra işğaldan azad olunan əzəli Azərbaycan torpaqlarında dalğalanan görüntüləri də təqdim edilir.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan sərgidə ümumi məlumatlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət rəmzimiz haqqında söylədikləri dəyərli fikirlər, səs yazıları da yer alır. Virtual kitab sərgisində Azərbaycan Bayrağına həsr edilmiş, müxtəlif illərdə çap olunan “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Bir daha yüksələn bayraq”, “Azərbaycan Bayrağı”, “Sikkə və dövlətçilik”, “Naxçıvan xanlığına məxsus üç bayraq”, “Damğalar, rəmzlər, mənimsəmələr”, “Cümhuriyyət bayrağı” kimi 15-dən çox kitabın qısa annotasiyaları, dövrü mətbuat nümunələri təqdim edilir. (AZƏRTAC)