Filmin ssenari müəllifi, Əməkdar jurnalist Firuzə Nadir bildirib ki, “Bal kimi süfrə” sənədli filmi Kəlbəcərin timsalında işğaldan azad olunan torpaqlara qayıdışa, kəlbəcərlilərin işğal dövründə göz bəbəyi kimi qoruduğu milli dəyərlərə həsr olunub. Onun sözlərinə görə, Kəlbəcər füsunkar təbiətə, zəngin təbii sərvətlərə, özünəxas mətbəx və məişət mədəniyyətinə malik rayondur. Burda sanki təbiətin özü də insanlara zəngin və rəngarəng bir mətbəx, möhtəşəm bir süfrə bəxş edib. Ermənilər 30 ildə Kəlbəcərin də sərvətlərinə sahib çıxıb, onun məşhur balını da mənimsəyərək Ermənistanın adı ilə dünya bazarına çıxarıb. Artıq kəlbəcərlilər də, onların süfrələrinin bal kimi neməti də öz yurduna qayıdıb. Filmin məqsədi bu qayıdışı göstərmək, kəlbəcərlilərin nəsildən-nəslə yaşatdıqları adət-ənənələri, milli dəyərləri təbliğ etməkdir.
Hazırladı: Mina RƏŞİD