1927-cü ildə Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir.
Zülfü Adıgözəlov muğam dəstgahını tam şəkildə bəm və orta tessiturada özünəməxsus oxuma məktəbinin yaradıcısıdır.
Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Humayun” muğam dəstgahları, bir sıra təsniflər, “Nəbi”, “Mən gedirəm Zəngilana”, “Dedim bir busə ver”, “Kəklik” və digər mahnılar musiqi xəzinəmizin nadir inciləridir. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirib.
Azərbaycan kinosunun inkişafında da Zülfü Adıgözəlovun xidmətləri var. “Səbuhi”, “Bakılılar”, “Kəndlilər” filmlərinin çəkilişinə dəvət alan unudulmaz xanəndəmizin bu məşhur filmlərdə məlahətli səsi əbədiləşdirilib.
Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir edib. Bu baxımdan “Əraq-Pəncgah”, “Hasar-müxalif”, “Vilayəti-Dilkeş” muğamları gözəl örnəklərdir. Xanəndə 1943-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülüb.
Zülfü Adıgözəlov 31 may 1963-cü ildə Bakıda vəfat edib. Onun işıqlı xatirəsi həmişə xalqın yaddaşında yaşayacaq!
Hazırladı: Mina RƏŞİD