22.11.2024, 09:03
AZ EN
17.07.2023, 14:56 227

Vətən müharibəsi haqqında ilk irihəcmli musiqi əsərinin premyerası keçiriləcək

XƏBƏRLƏR
  • Azərbaycan Bəstəkarlar İttifaqı Gənclərlə iş bölməsinin rəhbəri, Bakı Musiqi Akademiyasının (BMA) doktorantı və Elmi-tədqiqat mərkəzinin əməkdaşı, bəstəkar İlahə Qismət “Dəmir yumruq” adlı balet yazıb.

İyulun 19-da BMA-nın Opera studiyasında 44 günlük Vətən müharibəsi haqqında ilk irihəcmli musiqi əsəri olan birpərdəli baletin premyerası keçiriləcək.

Libretto müəllifi Əməkdar artist Yuri Lobaçev olan əsərin baletmeysterləri Y.Lobaçev və Əməkdar artist Ceyhun Qubadovdur.

Baletin premyerası “Şuşa fatehlərinin Zəfər yolu” layihəsi çərçivəsində həyata keçiriləcək. Tamaşa ilk olaraq Vətən müharibəsi iştirakçıları və onların ailələri üçün nümayiş olunacaq.

Baletdə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin timsalında I Qarabağ müharibəsindən başlayaraq Şuşa zəfərinə doğru gedən keşməkeşli yol tərənnüm edilir. I Qarabağ müharibəsi zamanı hələ balaca olan uşağın gözü qarşısında mənfur düşmənlər tərəfindən atasının amansızlıqla qətlə yetirilməsi nəticəsində aldığı travma onun kiçik qəlbində dərin iz qoyur. Daxili aləmində toplanmış qisas istəyi və Vətən həsrəti ilə böyüyərək gənclik illərinə çatan baş qəhrəman artıq zamanın dolduğunu, Ali Baş Komandanın “İrəli!” komandası ilə Vətən torpaqlarının qurtuluşunun başlandığını eşidir. Xalqının və ailəsinin intiqamını almaq üçün Vətən müharibəsini şans kimi dəyərləndirən gənc qəhrəman sevdiyi xanımla vidalaşaraq igid dostları ilə müharibəyə yollanır. Qüdrətli Azərbaycan Ordusu yenilməzlik nümayiş etdirərək davamlı zəfərlər qazanır və igid döyüşçü bayrağımızı Şuşa zirvəsində dalğalandırır, “Dəmir yumruğ”unu göyə qaldırır...

Qeyd edək ki, balet tamaşasının xronometrajı 44 dəqiqədir. Bu da Vətən müharibəsinin davam etdiyi zamanı simvolizə edir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR