29.03.2024, 12:25
AZ EN
29.09.2022, 13:32 322

Mütəfəkkir Şuşalı

XƏBƏRLƏR
  • Mir Möhsün Nəvvabın doğum günüdür.

Bu gün adı Azərbaycan tarixinə musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı kimi daxil olmuş Mir Möhsün Nəvvabın doğum günüdür. O, 1883-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində dünyaya gəlib. İlk təhsilini ruhani məktəbində alıb, türk, ərəb, fars dillərini öyrənib. Riyaziyyat, kimya və s. elmlərə yiyələnib, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Mir Möhsün Nəvvabın milli ənənələrə bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir. Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi.

Böyük sənətkarın “Kənzül-mühən” (1864), “Bəhrül-hüzən” (1864-1865) və “Kəşfül-həqiqeyi-məsnəvi” (1895) əlyazmalarına verdiyi tərtibatlar, çəkdiyi illüstrasiyalar, eləcə də, “Teymurləngin portreti”, “Güllər” (1874), “Quşlar” (1872) və.s. əsərləri onun rəssam kimi istedadını qabarıq şəkildə nümayiş etdirir.  

Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" toplusunda Qarabağın 100-dək orta əsr şairinin həyatı və yaradıcılığından bəhs edilir. Bu dəyərli toplu 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub.

O, astronomiya elmi ilə də maraqlanırdı. Öz evində iki teleskop quraşdıraraq, kiçik rəsədxana və kimya laboratoriyası yaratmışdı. Onun dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabına göy cisimlərinin yerləşməsi və günəş tutulmalarına dair tərtib etdiyi cədvəllər də daxil edilmişdi.

Tanınmış pedaqoq və alimin etik görüşləri onun "Kifayətül-ətfal", "Nurül-Ənvar" və "Pəndnamə" kimi kitablarında öz əksini tapib. Mir Möhsün Nəvvab musiqiyə həsr etdiyi məşhur traktatında - "Vüzuhül-ərqam" risaləsində ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırıb, muğamların şeir mətnləri ilə bağlılığı, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından optimal yerləşməsi problemlərinə toxunub. İlk dəfə olaraq, musiqiyə dəstgah terminini o gətirib. Həmin dövrdə Qarabağda məlum olan altı dəstgahın - Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva dəstgahlarının adını çəkib. Bundan başqa alim həmin əsərdə Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın da adlarını qeyd edib.

Nəvvabın bir rəssam kimi akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlar dövrümüzə kimi gəlib çıxıb. O, Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edirdi. "Məclisi-fəramuşan" adlı ədəbi və "Məclisi-xanəndə" adlı musiqi məclislərinin təşkilatçısı olub. Onun məclislərinin fəal üzvləri sırasında şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinskinin adlarını qeyd etmək olar.

Nəvvabın 1905-1907-ci illərdə baş verən erməni-müsəlman qarşıdurması, eləcə də Qarabağın tarixi haqqında əsərləri də məşhurdur.

O, 1918-ci ildə Şuşada vəfat edib və dogma şəhərdə dəfn olunub.

Mina RƏŞİD

Oxşar xəbərlər