17.06.2025, 21:15
AZ EN
15.12.2022, 13:25 384

Səttar Bəhlulzadənin Şuşa mənzərələri

XƏBƏRLƏR
  • Bu gün Xalq rəssamı, Əməkdar İncəsənət xadimi Səttar Bəhlulzadənin doğum günüdür. O, 1909-cu ildə dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbini və V.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931–1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunub. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də xarici ölkələrin muzeylərində saxlanılır.

S.Bəhlulzadənin əsərləri içrisində Şuşaya həsr edilmiş əsərləri xüsusilə diqqəti cəlb edir. Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin araşdırmalarına görə, Şuşa şəhərinə rəssamın gəlişi 1956-cı ilə təsadüf edir. Şəhər və onun ətrafı ilə yaxından tanış olan rəssam burada xeyli təsvir materialı toplayaraq etüdlər çəkib. Bu kiçikölçülü etüdlərin arasında “Dağ yolu”, “Vaqifin qəbri yanında” və digərlərinin adını çəkmək olar. Elə həmin dövrdə rəssam iriölçülü “Çaxmaq meşəsi” əsərini yaradıb. Araşdırmalar göstərir ki, rəssam özünün Şuşa təəssüratını daha çox qrafik vasitələrlə rəsm albomuna köçürüb, Bakıya qayıtdıqdan sonra həmin eskizlər əsasında müxtəlifölçülü tablolar ərsəyə gətirib. Hazırda onların bir qismi muzeylərdə, qalanları isə şəxsi kolleksiyalarda saxlanılır. Səttarın Şuşa sevgisi onun bütün yaradıcılığı boyu davam edib. Onun Şuşa ünvanlı iriölçülü tablolarının 1956-cı ildən başlayaraq sonrakı müxtəlif illərdə yaradılması da dediklərimizi təsdiqləyir.

Bu əsərlərin ən məşhuru, şübhəsiz ki, hazırda Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində nümayiş etdirilən “Cıdır düzü” (1956) tablosudur.

Kətan üzərində yağlı boya ilə çəkilmiş üfüqi formatlı lövhədə Şuşa və onu əhatələyən təbiət gözəlliyi əks olunub. Günün qürub çağında Qarabağ təbiətinin füsunkar mənzərəsinə göz qoyan rəssam məkanın qəribəliyi ilə gözoxşayan landşaftına kifayət qədər cəlbedici görkəm verməyi böyük ustalıqla bacarıb. Bu əsərin ictimailəşməsindən sonra rəssam daha da sevilməyə başlayıb. Odur ki, bir il sonra o, yenidən bu motivə qayıdıb. Bu dəfə onun kiçik variantını məşhur diplomatımız Ramiz Abutalıbovun xahişi ilə işləyib. Elə həmin ildə Səttar Bəhlulzadə ölçüsünə görə əsərin ilk variantına yaxın olan “Cıdır düzünün görünüşü” tablosunu da yaradıb. Həmin əsər hazırda şəxsi kolleksiyada saxlanılır.

Bu əsərləri tədqiq edərkən S.Bəhlulzadənin ilk dəfə ayaq basdığı Qarabağ torpağının heyrətamiz təbiətinin gözəlliyini bütün zənginliyi ilə duyduğu hiss edilir. Rəssamın dünyaya həmişə bambaşqa görünən baxışının bu tablolarda poetik-romantik tutum almasına şahidlik etmək mümkündür. Doğrudan da, Şuşa təbiətinin təsvirlərlərindəki qeyri-adi baxış nöqtələri, sayagəlməz rəng çalarlarının ecazkarlığı insanı heyrətə gətirir.

1957-ci ildə rəssam topladığı təsvir materialları əsasında Şuşa təbiətinə həsr olunmuş daha bir neçə mənzərə yaradıb. Bunlar “Şuşa ətrafında”, “Şuşa. Ağaclar”, “Şuşa yaxınlığında, “Yuxarı Daşaltı”, “Dağları duman bürüyəndə”, “Qarabağ  mənzərəsi” əsərləridir. Qeyd edək ki, “Şuşa yaxınlığında” və “Qarabağ mənzərəsi” əsərlərini müəllif sənətin pərəstişkarı olan məşhur dövlət xadimi və dramaturq Şıxəli Qurbanova hədiyyə etmişdi...

S.Bəhlulzadə 1958-ci ildə “Mənzərə. Şuşa ətrafı”, 1959-cu ildə isə “Qarabağda” tablolarını ərsəyə gətirib. Hər iki iş hazırda şəxsi kolleksiyada saxlanılır.

S.Bəhlulzadə 1974-cü ildə oktyabr ayının 14-də Moskvada vəfat edib. Rəssam böyük el məhəbbəti ilə Əmircan kəndində dəfn edilib və qəbri üstündə ona abidə ucaldılıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər