26.12.2024, 16:36
AZ EN
03.08.2024, 07:42 264

Rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilən “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Avqustun 2-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilən “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə toxunub, Azərbaycan həqiqətlərinin, şanlı qələbəmizin təbliğində incəsənətin rolundan bəhs edib.

Polkovnik öz çıxışında deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz Zəfərin, bütövlükdə ölkəmizin uğurlarının memarıdır. Qələbəyə aparan yol, sadəcə 44 gündən ibarət deyil. Uzun bir zaman kəsiyində ölkəmizdə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, respublikamızın mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi sahəsində ciddi addımlar atılıb.

Bu gün azad edilmiş torpaqlara qədəm basan hər kəs erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Ermənistan 30 illik dönəmdə təkcə torpaqlarımızı işğal etmədi, ilk növbədə, bölgənin mədəni tarixinə qarşı soyqırımı törətdi. Onlar çox yaxşı bilirdilər ki, bölgədə olan tarixi abidələr Qarabağın Azərbaycan tarixinə bəxş etdiyi ən qiymətli sərvətdir. Ermənilərin vəhşi əməllərinə məruz qalan ərazimizdən biri də Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinib. İşğal dövründə ermənilər, həmçinin 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurublar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir. Ermənilərin vandal əməllərindən tanınmaz hala düşən abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsi idi. Məqbərənin yalnız uçuq sütunları qalmışdı. Şuşa işğaldan azad olunan kimi dövlət başçısının Şuşanın bərpası ilə bağlı verdiyi ilk tapşırıqlardan biri də Vaqifin məqbərəsinin bərpası ilə bağlı oldu. Tez bir zamanda təmir-bərpa işləri nəticəsində əvvəlki vəziyyətinə qaytarılan məqbərə görünüşü ilə şəhərə xüsusi bir gözəllik verir. Ənənəvi Vaqif Poeziya Günləri də artıq hər il məqbərənin önündə keçirilir. Rəssam Nigar Helminin “Qarabağın mirası Təsviri İncəsənətdə” mövzusuna həsr olunmuş sərgi də Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr olunub”.

Rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili və Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz çıxış edərək Vətən müharibəsində əldə olunan tarixi qələbədən, həmin qələbələrin təbliğində mədəniyyət və incəsənətin rolunu vurğulayıblar və bu sahədə rəssama uğurlu fəaliyyət arzulayıblar.

Rəssam Nigar Helmi Abbasbəyli tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib, uşaqlıq xatirələrindən, milli tariximizlə bağlı şahidi olduğu ağrılı məqamlardan, apardığı tarixi araşdırmalardan bəhs edib. O bildirib ki, zəngin tariximizin, xüsusilə də ermənilərin 200 il ərzində Azərbaycan xalqının başına gətirdiyi faciələrin daha dərindən araşdırılmasına, həmin araşdırmaların nəticəsi ilə bağlı daha fundamental əsərlərin yaradılmasına ehtiyac var.

Rəssam Nigar Helmi Abbasbəyli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif edilib. (AZƏRTAC)

Oxşar xəbərlər