KeTeBe Yayın evi Anarın "Ağ liman", "Beş mərtəbəli evin altıncı mərtəbəsi", "Təhminənin son sirri" əsərlərini İmdat Afşarın tərcüməsində bir kitabda nəşr edib.
Yazıçının yubileyi çərçivəsində yazıçı Pərvinin "Anar - çağının önündə bir yazar" kitabı da çapdan çıxıb. Tedev yayın evində buraxılmış "İki əsrin qovşağında bir yazır ANAR 85" adlı kitabı İmdat Afşar hazırlayıb və kitaba geniş müqəddimə yazıb. Türk Ədəbiyyat Vəqfinin başqanı Sərhat Kabaklının giriş sözüylə açılan kitabda Anar haqqında görkəmli yazıçıların, alimlərin yazıları toplanıb. Onların sırasında türkiyəli müəlliflər - Namik Kamal Zeybək, Əhməd Bican Ercilasun, Ataol Bəhramoğlu, İlbər Ortaylı, Fikrət Türkmən, Yəhya Akenkinlə bir sırada qazax şairi Oljas Süleymenovun, türkmən yazar Oraz Yağmurun, Quzey Kiprdən İsmayıl Bozqurdun, Almaniyadan Orxan Arasın, Moskvadan Abuzər Bağırovun, eləcə də Anarın Türkiyə tədqiqatçısı Ayşə Atayın və bir sıra başqalarının mətnləri yer alıb.
Kitabda azərbaycanlı müəlliflərin - Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Xəlil Rza Ulutürkün, İsa Həbibbəylinin, Rafael Hüseynovun, Ramiz Rövşənin, Məmməd İsmayılın, Kamil Vəli Nərimanoğlunun Anar haqqında səmimi fikirləri də yer alıb.
Hazırladı: Mina RƏŞİD