Gənclik dövründən el arasında aşıq-şair kimi tanınıb, toy-düyünlərə çağırılıb. Gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı təcnis və digər janrlarda yazdığı şeirləri dillər əzbəri olub. "Kirpi", "Sovet Ermənistanı", "Azərbaycan gəncləri" və s. dövri mətbuat səhifələrində qoşmaları çap edilib. Bir çox aşıq havası və dastan yaratsa da, onun zəngin ədəbi irsi dərindən öyrənilməyib.
Ədəbiyyat tarixində həm şair, həm də ustad aşıq kimi tanınan Bəhmən Göyçəlinin işıq üzü görən "Vətən, küsmə məndən" kitabında zəngin irsindən yalnız 25 qoşma, 7 gəraylı, 9 təcnis, 18 divani, 14 müxtəlif şeir, Aşıq Alının, Xəstə Qasımın, Növrəs İmanın qıfılbəndlərini açması, 17 deyişməsi, 1 meracnaməsi, "Əfqan və Tufan", "Bəhmən və Humay" dastanları toplanıb çap olunub.
Bəhmən Göyçəlinin 1996-cı ildə Bakıda anadan olmasının 95 illiyi qeyd edilib.
1976-cı il noyabrın 13-də vəfat edib, Nərimanlı kənd qəbiristanlığında dəfn olunub.
Bəhmən Göyçəlinin dillər əzbəri olan şeirlərindən “Vətən səsi” saytının oxucularına təqdim edirik.
BİR ÜZÜM-ÜZÜM
(təcnis)
Payızda yetişən meyvə içində,
Dəhanda dadlıdı, bir üzüm, üzüm.
Bəslənir bir boyda, bəstə biçimdə,
İstədim bu bağdan bir üzüm üzüm.
Könlümün xanəsi bağı nə dərdi...
Yolçu, naşı bağban bağdan nə dərdi?
Sevgi çatsa sevgisinə nə dərdi,
Dəymədi canana bir üzüm, üzüm.
Bəhmənə açılan bağlı dərindi,
Kamil bağban, meyvə dəydi, dər indi!
Eşqin bəhrin mən gəzmişəm, dərindi,
Qəvvasıyam, indi bir üzüm-üzüm.
AŞIQ ƏSƏDİN ÖLÜMÜNƏ
Dünya, sən nə beyvafasan,
Qoydun belə adət, getdi.
Bu yolda karvan əylənməz,
Gələnlər nabələt getdi.
Kimi olar, kimi ölər,
Kimi ağlar, kimi gülər.
Kimi bilməz, kimi bilər,
Kimi aşkar, xəlvət getdi.
Dünyanın işi qolaydı,
Kimi dərviş, kimi baydı.
Kimi gəldi günün saydı,
Kimi çəkdi ləzzət, getdi.
Ellərdə söylənən adı,
Söhbəti dil-dəhandadı.
Cəmi aşıqlar ustadı,
Heyif, aşıq Əsəd getdi.
Yatıbsan, yoxsa oyaqsan,
Gələnə, gedənə baxsan.
Bəhmən, sən də bir qonaqsan,
Eyləsən də xiffət, getdi.
Hazırladı: Mina RƏŞİD