19.10.2024, 16:39
AZ EN
17.01.2023, 12:47 147

Şəhid Göyüşov Vaqif Həsən oğlunun anım günü

XƏBƏRLƏR

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında 15.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində şəhid olmuş Göyüşov Vaqif Həsən oğlunun anım günü tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şəhidimizin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd edib ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 8 nəfəri 06.01.1994-cü il tarixində Ağdamın Güllücə kəndində eyni gündə şəhid olmuşdur. Ümumilikdə 20 nəfər Qubadlı rayon sakini Ağdamın Güllücə kəndində gedən döyüşlərdə Şəhid olmuşdur.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur.  Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.

 Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Müzəffər Ali Baş Komandan,  Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Digər çıxış edənlər-   keçmiş komandir Elşən Şahmuradov, Şəhidin sinif yoldaşı, Xanlıq kənd sakini Akif Səmədov və başqaları Şəhidimizlə bağlı öz xatirələrini bölüşüblər və qeyd ediblər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Çıxış edənlər eyni zamanda göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Çıxış edən Şəhidin həyat yoldaşı Vəsilə Məmmədova göstərdikləri diqqət və qayğıya görə Mexəffər Ali Baş Komandan,  Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda və şəhidimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.

Göyüşov Vaqif Həsən oğlu 1969-cu ildə Qubadlı rayon Xanlıq kəndində anadan olmuşdur. 1987-ci ildə Xanlıq kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə Sovet ordusu sıralarına çağırılmış, 1990-cı ildə hərbi xidməti başa vuraraq Vətənə qayıtmışdır. Elə həmin il rayonun təmir-tikinti idarəsində əmək fəaliyyətinə başlamışdır. 1992-ci ilin noyabrında Milli Ordu sıralarına könüllü olaraq yazılmışdı. Rayonun sərhəd kəndlərinin qorunmasında fəal iştirak etmişdir. Rayon işğal olunan günlərdə doğma Xanlıq kəndi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmişdir.

Vaqifin son döyüşü 1994-cü ilin yanvarın 15-də Ağdamın Güllücə kəndində olmuşdur. Həmin gün cəsur döyüşçü erməni mənfurlarının hücumunun qarşısını döyüş yoldaşları ilə birlikdə alarkən qəhrəmancasına Şəhid olmuşdur.

Ailəli idi, iki qız övladı var.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər