16.12.2025, 17:30
AZ EN
16.12.2025, 14:12 181

Rəhman Hacıyev: “Revival of Karabakh” kitabı Qarabağın dirçəliş tarixini innovativ formatda təqdim edir

XƏBƏRLƏR
  • Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabının təqdimatı Fond üçün xüsusi əhəmiyyət daşıyır. Kitabın müəllifi britaniyalı yazıçı Qrem Vilsondur və təqdimat mərasimi çərçivəsində Fondun donorları, tərəfdaşları, oxucular və elmi ictimaiyyətin nümayəndələri ilə bir araya gəlmək böyük məmnunluq doğurur.

Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabının Prezident Kitabxanasında keçirilən təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təqdim olunan nəşr məzmun və forma baxımından qeyri-adi və innovativ yanaşma ilə seçilir. “Bu kitab klassik nəşr olmaqla yanaşı, eyni zamanda, rəqəmsal ekosistemin mərkəzində yerləşən bir layihədir. Kitabın səhifələrində yerləşdirilmiş QR-kodlar vasitəsilə oxucular arxiv materiallarına, bu nəşr üçün xüsusi yaradılmış veb-sayta, eləcə də süni intellekt əsaslı bələdçiyə çıxış əldə edirlər. Bu da təqdim olunan məlumatların daha geniş və dolğun versiyası ilə tanış olmağa imkan yaradır”, - deyə o vurğulayıb.

Fondun İdarə Heyətinin sədri bildirib ki, bu yanaşma Qarabağın dirçəliş tarixinin müasir texnologiyalar vasitəsilə daha səmərəli şəkildə təqdim olunmasına xidmət edir və layihə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

R.Hacıyev əlavə edib ki, Prezident Kitabxanasında keçirilən təqdimatla nəşrin Azərbaycandakı təqdimat mərhələsi başa çatır. Onun sözlərinə görə, növbəti ildən etibarən kitabın xarici ölkələrdə də təqdimatının keçirilməsi planlaşdırılır. (AZƏRTAC)

Oxşar xəbərlər