10.09.2025, 15:22
AZ EN
10.09.2025, 09:49 362

Qalibin müəllimi olduğum üçün qürur duyuram…

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Qalib Rəşid oğlu Əhmədovun doğum günüdü. O, 10 sentyabr 2001-ci ildə Şəki rayonunun Əlyar kəndində anadan olub. 2007-2016-cı illərdə Şəki rayonunun Əlyar kənd məktəbində təhsil alıb. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb.

Qalib Əhmədov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə mərdliklə savaşıb. Döyüşlərdə şücaətlər göstərən Qalib oktyabrın 10-da Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qalib Əhmədov şəhidlik zirvəsinə ucaldıqdan 12 gün sonra, oktyabr ayının 22-də doğulub boya-başa çatdığı Şəki rayonunun Əlyar kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Şəhidimizin anası Validə xanım həmişə övladlarını cüt görmüşdü. Bu gün isə Qalib böyük qardaşı İlkinə ruhu ilə yoldaşlıq edir. Bunu isə yalnız ana ürəyi duyub hiss edir.
Qalibin atası Rəşid Əhmədov deyir ki, Vətən sevgisi ilə yaşamaq, onun təkcə gözəlliklərini seyr etməkdən, suyunu içib, çörəyini yeməkdən ibarət deyil. Bu sevgi insanın bütün varlığında, əməlində olmalı, insanla bütövləşməlidir. Bu mənada bir azərbaycanlı kimi, bir şəhid valideyni kimi qürur duyuram ki, bizim gənclərimizdə bu sevgi bütövdür, tamdır. Qalib ağıllı və tərbiyəli bir övlad idi. Çox mehriban idi, zəhmətkeş idi. Kiçik yaşlarından halal zəhməti ilə işləyib, ailəyə dəstək olurdu. Qalibin ən gözəl şəxsi keyfiyyəti onun vətənpərvər olması idi. Torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi. Mənim oğlum Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid oldu. Onun varlığını hər an yanımda hiss edirəm. O, mənim üçün əsl qəhrəmandır, igiddir. O, vətəninə və millətinə bağlı bir insan idi. Vətənə olan sevgisini hər şeydən üstün tuturdu. Daim vətənini və xalqını düşünürdü. Fəxr edirik ki, Qalib Vətən yolunda şəhid olub. Biz çalışmalıyıq ki, həmişə məğrur dayanaq. Qalibin ən çox sevdiyi şeir Məmməd Arazın “Vətən mənə oğul desə” adlı şeiri idi:

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim...

Qalibin sinif müəllimi İradə Vəliyeva bir vaxt şagirdi olmuş, indi isə qəhrəmanı olan bir oğuldan danışır. Deyir ki, Qalib ən sevimli şagirdlərimdən biri idi. Yadımdadır, şagirdlərlə fərdi söhbət aparırdım. Təhsil alıb gələcəkdə hansı peşəyə yiyələnəcəklərini soruşurdum. Kimisi müəllim, kimisi bioloq, kimisi musiqiçi, kimisi həkim olacağını dedi. Qalibə də eyni sualla müraciət etdim. Qalib fikirləşmədən: “Müəllimə, mən gələcəkdə hərbçi olacağam” – dedi. Nəyə görə bu peşəni seçdiyini soruşduqda onun cavabı dəqiq oldu: “Müəllimə, mənim vətənimin torpaqlarının iyirmi faizi işğal altındadır. Bu gün Vətənin peşəkar hərbçilərə daha çox ehtiyacı var”. Onun bu cavabı sinifdə sükut yaratdı. Sonra sinifdəki şagirdlərin hamısı ayağa qalxıb əl çalmağa başladı. Qalibin cavabı təkcə mənim yox, sinif yoldaşlarının da çox xoşuna gəlmişdi.
Bəli, Qalib vətəni Azərbaycanı müdafiə etdi və Vətən uğrunda şəhid oldu. Belə bir qeyrətli, vətənpərvər şagirdin müəllimi olduğum üçün qürur duyuram. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qalib Əhmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Qalib balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər