23.06.2025, 03:23
AZ EN
21.11.2022, 11:40 358

Uşaqlıqdan əsgər olan şəhidimiz

XƏBƏRLƏR
  • Bu gün Ordumuzun mərd əsgəri, şəhid snayper Nadirov Siyasət Kamil oğlunun anım günüdür. O, 2001-ci il fevral ayının 18-də Sabirabad rayonunun Şəhriyar kəndində dünyaya gəlib. 6 qız, 3 oğlan olmaqla ailədə 9 uşaq olublar. O, orta təhsilini kəndin M.Məlikov adına tam orta məktəbində alıb. 1919-cu ildə orta məktəbi bitirib hərbi xidmətə yola düşüb. O, Tərtərdə “N” saylı hərbi hissədə Vətənə xidmət edərək snayper kimi yetişib.

2020-ci ilin oktyabr ayında ordudan tərxis olunmalı idi. Ancaq 27 sentyabrda başlayan Azərbaycan Ordusunun əks hücumu və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən Müharibəsinə qoşulub. S.Nadirov Ağdərə-Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Elə həmin qızğın döyüşlərin birində oktyabrın 16-da  yaralanıb. Ancaq ailəsi onu itkin bilib. İgid əsgərimiz 2020-ci il noyabrın 21-də şəhidlik məqamına ucalıb. O, doğma kənddə böyük el məhəbbəti ilə torpağa tapşırılıb.

Mərd əsgər ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.    

Anası Məmləkət xanım deyir ki, Siyasət uşaqlıqdan vətənpərvər olub. Oyunlar oynayanda belə bu hiss edilirdi. Haradan olsa taxta parçaları tapıb “tüfəng” düzəldərdi. Dava səhnələri qurar, özü də Azərbaycan əsgəri olardı. Torpaqların işğalda olması onu kiçik yaşlarından narahat edirdi... 

Bacısı Mehriban da qardaşı haqqında ağızdolusu danışır. Deyir ki, Siyasət məndən yaşca kiçik olsa da, ağıllı idi, bir iş olanda onunla məsləhət edərdik. O, çox dürüst, haqq-ədalət tərəfdarı idi.

Ruhun şad olsun, məzarın nurla dolsun, Azərbaycan əsgəri!

Mina RƏŞİD

Oxşar xəbərlər