Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Cavid Əlikömək oğlu Sahratovun doğum günüdür. O, 1981-ci il dekabrın 23-də Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. 1989-1999-cu illərdə Əsədabad kənd tam orta məktəbində təhsil alıb.
Cavid Sahratov 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Cavid Sahratov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Cavid Sahratov oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Yardımlı rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cavid Sahratov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunması uğrunda" medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD