12.02.2026, 19:18
AZ EN
12.02.2026, 17:36 12

Qərbi Azərbaycan mövzusunda hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

XƏBƏRLƏR
  • “Bir Elin Manifesti” adlı Qərbi Azərbaycan mövzusunda hekayə janrı üzrə Birinci Ümumrespublika Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının təşkilatçılığı ilə reallaşan müsabiqənin mükafatlandırma mərasimində İcma sədri deputat Əziz Ələkbərli müsabiqənin gələcəkdə də davam etdiriləcəyini bildirib.

O qeyd edib ki, birinci müsabiqədə 60-a yaxın müəllif iştirak edibsə, gələn müsabiqədə iştirakçıların sayı daha da artacaq.

O həmçinin bildirib ki, orta məktəb dərsliklərini yazan müəlliflərin Qərbi Azərbaycan İcmasında görüşü planlaşdırılır: “Bu hekayə müsabiqəsi gələcək nəsillərə Qərbi Azərbaycanla bağlı reallıqları ötürmək üçün ilk və önəmli addım idi. Bu ənənəni davam etdirmək niyyətindəyik. Bu səbəbdən Orta məktəb dərsliklərini yazan müəlliflərin Qərbi Azərbaycan İcmasında görüşü planlaşdırılır. Ən yaxın zamanda onlarla birgə müzakirələr aparmaq istəyirik".

Akademik Misir Mərdanov Qərbi Azərbaycanda baş verən hadisələrin uzun illər bədii şəkildə yetərincə qələmə alınmadığını qeyd edib, bu kimi təşəbbüslərin davamlı olmasının zəruriliyini vurğulayıb və müsabiqənin təhsil müəssisələrində də təşviq edilməsini təklif edib.

Akademik Nizami Cəfərov bildirib ki, orta məktəb dərsliklərindəki yazılar təkcə peşəkar yazıçıların əsərləri deyil: “Gənc yazarların, tələbələrin də hekayələrindən istifadə edilir. Burada bir yanlışlıq yoxdur. Çünki həddindən artıq peşəkar mətn orta məktəbdə bəzən effekt vermir”.

Layihənin ideya müəllifi, Qərbi Azərbaycan Cəmiyyəti Qadınlar Şurasının sədri deputat Məlahət İbrahimqızı vurğulayıb ki, “Bir Elin Manifesti: Qərbi Azərbaycan hekayələri" adlı kitab gələcəkdə elektron və səsli formada istifadəyə veriləcək: “Layihə gələcəkdə də davam edəcək, kitab müxtəlif dillərə tərcümə olunacaq. Kitabın elektron versiyası, audio kitab formatı hazırlanacaq və bu yolla Qərbi Azərbaycan həqiqətlərinin həm Azərbaycan gənclərinə, məktəblilərinə, həm də xarici ölkələrin geniş auditoriyasına çatdırılması mümkün olacaq. Yəni bu istiqamətdə uğurlu addımlar atılacaqdır".

Sonra qaliblər açıqlanıb:

I yerin qalibi – İlhamə Nasir qızı Kərimova, “Sonuncu pərdə” hekayəsi,
II yerin qalibi – Könül Nəriman qızı Həsənova, “Əsa” hekayəsi,
III yerin qalibi – Samir Arif oğlu Abdullayev, “Onun adı Lena idi” hekayəsi.

Həvəsləndirici mükafata layiq görülən müəlliflər:

Həmid Məzair oğlu Piriyev – “Araz da qan rəngindədir, görürsən?”
Salman Vəli oğlu Balakişiyev – “Gəlinlik donu”, “Möcüzə”
Nurlana Umudvar qızı Məmmədova – “Zəngi çayının səsi”
Şəmsi Adilxan oğlu Qocayev – “Xəritənin sirri”

Kitabda Mahirə Hüseynova, Musa Quliyev, Sona İsmayılova, Şəmsi Qocayev, Təhminə Verdiyeva, Ramiz Nəsirov, Salman Balakişiyev, Könül Həsənova, Rufik İsmayılov, Xumar Ələkbərova, İlhamə Nasir, Ayşən Məmmədrzayeva, Rəna Haqverdiyeva, Kəmalə Həsənova, Azər Məmmədov, Neymət Rüstəmli, Həmid Piriyev, Samir Abdullayev, Samirə Şükürova, Nehir Akpolat, Polad Poladov, Nurlana Məmmədova, Mirzəfər Qurbanov, Mədinə Hüseynova, Atanur Nəbiyeva, Əli Kaan Əsgər, Mehriban Cəfərova, Zinyət Əhmədova, İlahə Cəfərova, Aysel Məmmədova, Azər Dəmirçiyev və İslam Əlizadə kimi müəlliflər də yer alıblar.

Tədbirdə qaliblərə diplomlar və pul mükafatları təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən seçilmiş hekayələr bir neçə xarici dilə tərcümə edilərək kitab halında nəşr olunub və mərasim çərçivəsində təqdim edilib. (APA)

Oxşar xəbərlər