21.11.2024, 17:17
AZ EN
29.09.2022, 11:00 402

Bu gün Beynəlxalq Ürək günüdür

XƏBƏRLƏR
  • 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə bu gün  Beynəlxalq Ürək günü kimi qəbul edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar da həmin təşəbbüsə qoşulublar.

Beynəlxalq Ürək günü 2011-ci ildən etibarən hər il sentyabrın 29-da dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda da qeyd edilir. Bu əlamətdar günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ümumdünya Ürək Günü "Həyat üçün ürək" şüarı altında qeyd edilir.

Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və həmin xəstəlik hər il milyonlarla insanın  həyatına son qoyur. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır. Mütəxəssislərin fikrincə, ürək-damar xəstəliklərinin profilaktikasına aşağı yaşlardan başlamaq lazımdır, çünki ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran səbəb uşaq və yeniyetmə yaşlarında formalaşan qeyri-sağlam həyat tərzidir.

Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaqla infarkt və insult nəticəsində baş verən erkən ölümlərin qarşısını almaq mümkündür.

Hər insan həm də özünün həkimi olmalı, ürəyinin sağlam qalmasına diqqət göstərməlidir. Bunun üçün qidalarımızda duzun miqdarını xeyli azaltmalı və stolun üstünə isə ümumiyyətlə, duz qoyulmamalıdır. Yağlı balıqlar – somon, ton balığı, sardina və alabalıq kimi omeqa-3 yağ turşuları ilə zəngin olmaqla ürəyimizə çox xeyirlidir. Balıqdakı omeqa-3 yağ turşuları nizamsız ürək döyüntülərinin və damarların tıxanmasına səbəb olan lövhə əmələ gəlməsinin qarşısını alır. Quru meyvələr də ürəyə çox faydalıdır. Badam, qoz və fındıq kimi çərəzlər tərkibindəki lif və sağlam yağ turşuları ilə ürəyimizin dostu hesab edilir. Giləmeyvələr, o cümlədən, qaragilə, moruq, böyürtkən və çiyələk də, öz tərkibi ilə  ürəyə faydalıdır. Kətan toxumu, yulaf əzməsi, paxla, narıncı və qırmızı tərəvəzlər olan yerkökü, şirin kartof, qırmızı bibər və balqabaq ürək sağlamlığını qoruyan beta karotin, lif və C vitamini ilə zəngindir.

Ümumiyyətlə, əgər sağlam ürəyə sahib olmaq istəyirsinizsə, mümkün qədər çox miqdarda meyvə və tərəvəzlər, göyərtilər, müxtəlif yarmalardan hazırlanan sıyıqlar, yağsız süd məhsulları, balıq və dəniz məhsulları qəbul edin.

Onu da xüsusi olaraq əlavə etmək istərdik ki, ürəyinizin qeydinə qalanda gülümsəməyi, təbəssüm etməyi də unutmayın.   

Mina RƏŞİD

Oxşar xəbərlər