3 yaşından idmanla məşğul olan, 5 yaşında əsgər olmaq arzusunu dilə gətirən Muxtar demək olar ki, bütün şəkillərində gülümsəyir. O, elə müharibəyə də gülə-gülə yollanmışdı...
Bu gün doğum günü olan şəhid, baş leytenant Muxtar Qasımlı 1993-cü il fevralın 23-də Bakı şəhərində anadan olub. Əslən Qərbi Azərbaycandandır. O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu ildə məktəbi bitirib. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kidboksing fakültəsi üzrə Bakalavr təhsili alıb. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.
Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılıb. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində əsgər yoldaşlarını döyüş meydanından çıxararkən qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Bakı şəhəri Qala qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Muxtar Qasımlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nula dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD