23.11.2024, 00:34
AZ EN
25.10.2024, 11:04 244

Bu gün şəhid, mayor Elsevər Paşayevin anım günüdür

XƏBƏRLƏR
  • Elsevər Cəbrayılda anadan olub. Onun beş yaşı olanda doğma el-obası işğal edilib. Elsevər böyüdükcə qəlbində düşmənə nifrət hissi də böyüməyə başlayıb. Yeniyetmə yaşlarında artıq o hərbçi olmaq qərarına gəlib. Anası deyir ki, müharibənin başlanmasına bəlkə onun qədər sevinən olmamışdı. Elsevər döyüşdə yaralananda ona mayor rütbəsi verildiyi xəbərini alıb və buna çox sevinib. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə  ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, mayor Elsevər Vaqif oğlu Paşayevin anım günüdür. O, 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad кənd tam orta məкtəbində təhsil alıb. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı Vətənə yadigar qalıb.

Azərbaycan Ordusunun mayoru olan Elsevər Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Elsevər Paşayev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev "Qarabağ" ordeni ilə təltif edilib. Bundan başqa şəhidimiz Elsevər Paşayev İlham Əliyevin digər sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə də təltif edilib.

“Sən çox güclü qadınsan, həyatda hər şeyi bacaracaqsan. Sənə arxayınam”. Bu sözləri şəhidimiz xanımına son mesajında deyib.

Şəhidin həyat yoldaşı Xəyalə Paşayeva deyir ki, Elsevərin beş yaşı olanda Cəbrayılı tərk etməyə məcbur qalıblar. Onlar Beyləqan rayonunda məskunlaşıblar. Hərbiyə marağı məcburi köçkün olmasından irəli gəlib. O, ziyalı ailəsində dünyaya göz açıb, ailələrində başqa hərbçi yox idi. Atasının da arzusu oğlunun hərbçi olması idi. Elsevər millətini, bayrağını çox sevirdi. Bir bayrağı var idi. Onu həmişə özü ilə birlikdə aparırdı. Getdiyi ölkələrə də həmişə hədiyyə olaraq bayraq aparardı. Əşyaları gətiriləndə çantasının içərisindən də bayrağı çıxdı. İşini çox sevirdi. Vətən eşqi ilə yaşayırdı...

Xəyalə xanım Elsevərlə son görüşünün sentyabrın 26-da olduğunu söyləyir: “Müharibə başlamamışdan öncə o, təlimlərdə iştirak edirdi. Sentyabr ayının 26-da son görüşümüz oldu. Gecə saatlarında gəldi. Ondan sonra bir neçə həftədən bir telefonla əlaqə saxlayırdıq. Zəng edərkən salamat olduğunu deyirdi.

Son gedişində uşaqlarla vidalaşa bilmədi. Yatmışdılar. Gedəndə ayaqqabılarını geyindi, qapıdan çıxmaq istəyəndə yadına düşdü ki, uşaqları ilə görüşməyib. Ayaqqabı ilə keçmək istəmədi. Dizini yerə qoyub, sürünə-sürünə uşaqlarını öpüb-qoxladı və çıxıb getdi. Sanki hiss etmişdi.

O, qapıdan çıxandan sonra donub qaldım. Mənə müharibəyə getdiyini deməmişdi. İşi barədə ümumiyyətlə danışmazdı. Həmişə deyirdi ki, “hər şey yaxşı olacaq”. O gedəndən sonra sanki ayıldım. Narahat oldum. Zəng edən zaman ona narahat olduğumu dedim. Mənə dedi ki, təlimə gedirik, narahat olma. Son dəfə oktyabrın 19-da danışdıq. Daha sonra əlaqəmiz kəsildi, ondan xəbər ala bilmədim”.

X.Paşayeva deyir ki, kaş əli, ayağı olmazdı, amma Elsevər sağ qalardı:

“Oktyabrın 21-də yaralanması ilə bağlı xəbər aldım. Yolboyu dua edirdim ki, kaş əli, ayağı olmasın, amma sağ olsun. Övladları çox balaca idilər. Hərbçinin həyatı çox çətin olur. Heç uşaqlarını tam görə bilmədi. Banunun iki, Nəzrinin altı yaşı var idi. Qızlarımın fəxr ediləsi ataları var. Çünki onların atası şəhid olub. Ən uca məqamdadır. Hər kəsə qismət olmur. Onun yoxluğuna özümü inandırmıram. Bilirəm ki, yanımdadır. Onu hiss edirəm. Hər işimdə onunla məsləhətləşirəm. Çətinliyə düşəndə hiss edirəm ki, kürəyimdə əli var. Məni yıxılmağa qoymur. Şəhid ailəsi olmaq məsuliyyətlidir. Bütün şəhid övladları başlarını uca tutmalıdırlar. Onların ataları heç vaxt ölməyəcəklər”.

Məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər