19.10.2024, 18:37
AZ EN
24.08.2022, 09:00 380

Xeyirxah, humanist, həssas, qayğıkeş

XƏBƏRLƏR
  • Xalqımız öz tarixinin şərəfli bir dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin - son 200 ildə ilk dəfə Azərbaycanın itirilmiş torpaqlarını özünün polad iradəsi və hərbi-siyasi qüdrəti ilə geri alan bir liderin, dövlət başçısının rəhbərliyi sayəsində müstəqil ölkəmiz sürətlə inkişaf edir, güclənir, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirir. Qalibiyyət sevinci, Zəfər qüruru yaşadığımız, doğma yurd yerlərimizin azad nəfəs aldığı bu günlərdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Bütün uğurlarımızın təməlində onun istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqilliyin bərpasından sonra apardığı müdrik və uzaqgörən siyasət, milli dövlətçiliyimizin var olması və inkişaf etməsi üçün müəyyənləşdirdiyi strategiya dayanır.

Ulu Öndərin layiqli varisi və davamçısı, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə, onunla birlikdə ölkəmizin inkişafına misilsiz töhfələr verən, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya biz məcburi köçkünlərin minnətdarlığı və təşəkkürü hədsizdir. Mən, Laçın rayonundan məcburi köçkün kimi hazırda Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış kompleksində dövlətimizin verdiyi mənzildə müvəqqəti məskunlaşmışam.

Ötən 30 il ərzində ölkəmizin rəhbərliyinin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısını daim hiss etmişik. Bu gün rahat mənzillərdə müvəqqəti məskunlaşıb, torpaqlarımızın azad edilməsinin sevincini yaşayırıqsa, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasətin, Mehriban xanımın bu siyasətə dəstəyinin, Azərbaycan Ordusunun, şəhidlərimizin və qazilərimizin sayəsində mümkün olub.

Mehriban xanım Əliyevanın 2017-ci ildə Birinci vitse-prezident kimi fəaliyyətə başladıqdan sonra ilk müşavirəni qaçqın və məcburi köçkünlərə həsr etməsi, onların çətin yaşayış şəraitinin yaxşılaşdırılması üçün addımlar atması, mühüm qərarlar verməsi biz məcburi köçkünlərin həyatında yeni səhifə açdı. Biz qəzalı tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələr Mehriban xanımın humanist fəaliyyətindən yararlananlardan olduq.

Çətin şəraitdə yaşayan ailələr kimi ona müra­ciəti­mizdən dərhal sonra bu məsələni nəzarətə götürdü və bizim yeni mənzillərlə təmin olunmağımız üçün tapşırıq verdi.

2017-ci ilin 27 iyununda Abşeron rayonunun Masazır qəsəbəsindəki Yeni Bakı yaşayış kompleksində Mehriban xanım Əliyevanın məcburi köçkünlərlə görüşündə mən də iştirak edirdim. Onunla görüş hər bir məcburi köçkün üçün tarixi bir an idi...

Birinci vitse-prezidentlə görüşdə onun hər birimizə ayrıca qayğı göstərməsi, çıxışlarımız zamanı kövrəlməsi necə həssas bir qəlbə malik olduğunu göstərirdi.

Yadımdadır ki, görüş müqəddəs Ramazan bayramına təsadüf etmişdi. Bunun rəmzi məna daşıdığını qeyd edən Mehriban xanım çətinlikdə olan insanlara yardım göstərməyi mənəvi kamillik nümunəsi kimi dəyərləndirdi. O, çıxışını yekunlaşdırarkən biz məcburi köçkünlərə xitabən dedi: “Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də sizlərə - böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz qayğısını göstərir. Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Hamımızın arzusu budur ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, doğma torpağına qayıtsın. Arzumuz budur ki, işğaldan azad olunan kəndlərimiz, şəhərlərimiz bərpa edilsin, yeni qəsəbələr salınsın və insanlar normal həyat tərzinə qayıtsınlar. Dövlətimiz bunun üçün əlindən gələni edir. Biz isə bu yolda birlik nümayiş etdirməliyik və inanmalıyıq ki, qarşımızda duran bütün məqsədlərə mütləq çatacağıq”.

Həmin tədbirdə onun mənim də çıxışıma diqqəti unudulmaz bir xatirədir. Mən çıxışımda bizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Mehriban xanıma təşəkkür edərək dedim: “Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün tikilən evlər, salınan qəsəbələr yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımdır. Biz bilirik ki, bu ünvanlarda müvəqqəti məskunlaşırıq. Əminik ki, cənab Prezidentin və Sizin yürütdüyünüz siyasət nəticəsində biz tezliklə Qarabağa, öz doğma yurdlarımıza qayıdacağıq”.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yürütdükləri siyasət nəticəsində bizim tezliklə doğma yurda qayıdacağımıza əminliyimiz özünü doğrultdu. 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Zəfərlə torpaqlarımız işğaldan qurtarıldı, bizim vətən həsrətimizə son qoyuldu. Bu günlərdə cənab Prezident laçınlılara daha bir xoş xəbər çatdırdı: müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan Laçın şəhəri, Zabux və Sus kəndləri orada qanunsuz məskunlaşdırılmış ermənilərdən təmizlənəcək, biz isə doğma torpaqlarımıza qayıdaraq o yerləri yenidən cənnətməkana çevirəcəyik.

Onu da qeyd etmək istərdim ki, Birinci vitse-prezident olaraq apardığı əhəmiyyətli siyasətlə yanaşı, Mehriban Əliyeva incə zövqü, zərifliyi və nümunəvi obrazı ilə də bütün dünyada Azərbaycan xanımlarını çox gözəl təmsil edir. Hər bir Azərbaycan xanımı onu özünə nümunə bilir.

Hələ Heydər Əliyev Fonduna rəhbərlik etməyə başladığı dövrdən Mehriban xanımın Azərbaycanda idmana, mədəniyyətə və incəsənətə verdiyi töhfələr misilsizdir. Milli musiqimizin, xalqımızın zəngin ənənələri olan muğam sənətinin dünyaya tanıdılmasında onun rolu və xidmətləri əvəzsizdir. Əhalinin rifahının yaxşılaşdırılması məsələləri ilə bağlı Mehriban xanımın təşəbbüsləri hər bir ailədə sevinclə qarşılanır. Xüsusi ilə, səhiyyə və təhsilin inkişafına göstərdiyi həssaslıq hər birimizdə məmnunluq doğurur.

Mehriban xanım Əliyevanın cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birlikdə əsgərlərlə, qazi və şəhid ailələri ilə görüşləri, onlara mənəvi dəstək olması əhalinin həssas kateqoriyasından olan insanlara göstərilən qayğının təzahürüdür.

İşğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri, həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından maraqlanmağı, diqqətdə saxlamağı bizləri hədsiz sevindirir. Arzu edirəm ki, tezliklə doğma yurd-yuvamızda məskunlaşaq və Mehriban xanım Əliyevanın növbəti ad gününü orada birlikdə qeyd edək.

Əziz Mehriban xanım, Sizi ad gününüz münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğur arzu edirik. Allah Sizi və ailənizi qorusun!

Zabilə CƏFƏROVA,

Masazır kənd 5 saylı məktəbin kitabxanaçısı,

Laçın rayonundan məcburi köçkün

Oxşar xəbərlər