"Vətən səsi" xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) stüardessa vəzifəsində çalışan Hökumə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcərin Susuzluq kəndində doğulub. 1993-cü ildə Kəlbəcər rayonu işğal olunduqdan sonra ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi Bərdə rayonun Qaradəmirçi kəndində məskunlaşıb. 1996-cı ildə ailə Rusiyaya köçüb, Hökumə 1-ci sinifdən 6-cı sinfədək Volqoqrad şəhərindəki 178 nömrəli məktəbində oxuyub. Bir müddət sonra doğma vətənə qayıdan ailə Bərdədə deyil, Gəncə şəhərində məskunlaşıb. Buna görə də Hökumə Əliyevə orta məktəbi Gəncə şəhərində bitirib. O, ali məktəblərə qəbul imtahanlarında 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrində davam etdirib. Doqquz ildir AZAL-da çalışır. Alilədir, övladı yoxdur.
Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” təyyarəsində stüardessa kimi çalışan Hökumə Əliyevanın qəza enişindən əvvəl təmkinli davranışı, sərnişinləri sakitliyə çağırması və təhlükəsizlik kəmərlərini bağlamaları barədə müraciəti sosial şəbəkələrdə yayılıb. Videokadrlardan görünür ki, həmin vaxt artıq təyyarəyə kənar müdaxilə olmuşdu və ekipaj heyəti fədakarlıq nümunəsi göstərərək təhlükəni minimuma endirmək üçün çalışır...
Dünən günün sonuna yaxın AZAL-ın "qaynar xətt xidməti"ndən atası Cəlil müəllimə zəng edərək "Başınız sağ olsun!" deyiblər.
Hökumə Əliyevanın qardaşı Coşqun isə Qazaxıstanda təyyarə qəzasında yaralanan şəxslərin aparıldığı xəstəxana ilə əlaqə saxlayıb: "Bacımın fotosunu göndərdik ki, yaralıların içərisində olub-olmadığını dəqiqləşdirsinlər. Bildirdilər ki, ağır yanıq xəsarətləri alan, üzü tanımaz halda olan yaralılar var, bəlkə də onların içərisindədir".
Artıq təyyarə qəzasında həlak olanlardan 7 nəfərin şəxsiyyəti müəyyənləşib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumata görə, həlak olan 39 nəfərin meyiti Tibbi Ekspertiza Mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvləridir. Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, stüardessa Hökümə Əliyeva da var.
Xatırladaq ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara görə 38 nəfər həyatını itirib. Həlak olanlardan 23-ü Azərbaycan vətəndaşlarıdır, sağ qalan 29 nəfər yaralının isə 12-si azərbaycanlıdır.
Elxan SALAHOV