Ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar Konvensiyalarını) və bir protokolunu ratifikasiya edib. Milli qanunvericilikdə əməyin mühafizəsi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn norma və standartlar təsbit olunub. Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatları və s. əhatə edir. Məcəlləyə əsasən, əmək müqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalı, müqavilədə işəgötürən tərəfindən işçinin sağlam, təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyi göstərilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də iş yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunmasıdır. Bu istiqamətdə işəgötürənlərlə sosial dialoq müstəvisində işlər aparılır. İşəgötürənlərin və işçilərin iştirakı ilə ardıcıl maarifləndirmə tədbirləri təşkil olunur. Eləcə də vətəndaş müraciətləri obyektiv şəkildə araşdırılır, aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün tədbirlər görülür, əməyin mühafizəsi normalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verilir.
Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi yaradılıb. Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, həmçinin əməyin mühafizəsi üzrə standart norma və qaydaların müəssisələrdə tətbiqinə dəstək verib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzdində 2020-ci ildə təsis edilən Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə isə əmək və peşə sahəsində beynəlxalq tələblərə cavab verən milli standartların hazırlanması işlərini aparır. Artıq Komitə tərəfindən əməyin mühafizəsi üzrə beynəlxalq standart olan ISO 45001 əsasında əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyən edən milli standart hazırlanıb və AZE ISO 45001 indeksi ilə qəbul edilib.
Hazırladı: Mina RƏŞİD