04.03.2026, 02:49
AZ EN
06.01.2026, 12:36 221

Azərbaycan torpağı, qürur, ağrı və əzmlə yoğrulmuş müqəddəs mirasdır

XƏBƏRLƏR
  • Vətən müharibəsi Azərbaycanın milli yaddaşına həm qürur, həm də ağrı ilə yazıldı. Bu savaş yalnız ərazi bütövlüyümüzün bərpası deyil, eyni zamanda xalqın və dövlətin birliyinin, iradəsinin və qətiyyətinin təcəssümüdür.

5 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyevin bu mövzuya dair səsləndirdiyi fikirlər Azərbaycan xalqının sınaqlı yolun dərin mənasını əks etdirir.

Prezident müsahibəsində Vətən müharibəsi zamanı torpaq anlayışının Onun üçün hər azad edilmiş kəndin timsalında canlandırdığını bildirib:

"Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortaya çıxırdı və hər bir şəhidin şəhid olduğu yer mənim üçün torpaq idi".

Dövlət başçısı hər bir şəhid xəbərinin ağır hisslər doğurduğunu qeyd edərək, bu itkilərin qarşısını almaq məqsədi ilə bəzən əməliyyat istiqamətlərinin dəyişdirildiyini və müharibənin dayandırılmasının da bu zərurətdən irəli gəldiyini vurğulayıb.

"Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda mənim üçün Azərbaycan məhz o torpaq idi",- deyə Prezident əlavə edib.

Dövlətimizin başçısı gələcəyə dair mesajında Azərbaycanın bundan sonra heç vaxt bir qarış torpağını belə itirməyəcəyinə əminliyini ifadə edib:  "Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var."

Bu bəyanatlar Prezident İlham Əliyevin Vətənə, şəhidlərə və millətə bağlılığını, həmçinin Azərbaycanın suverenliyini qorumaqda sarsılmaz qətiyyətini bir daha nümayiş etdirir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər