22.11.2024, 18:54
AZ EN
20.07.2023, 21:30 407

Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabının təqdimat mərasimi olub

XƏBƏRLƏR
  • Onu tələbkarlıq və təmənnasızlıq etalonu kimi də tanıyanlar var, prinsipial qəzetçi, hər sözün, hər sətrin, cümlənin üstündə əsən redaktor kimi də... Lakin kimin onu necə tanımasından və dəyərləndirməsindən asılı olmayaraq Şakir Yaqubov ustad jurnalist, mətbuatımızın son mogikanlarından biri idi. Elə həmişə də ən yüksək istedad və peşəkarlıq keyfiyyətləri ilə yaddaşlarda yaşayacaq…

İyulun 20-də Mətbuat Şurasında mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabının təqdimat mərasimində də bu barədə danışılıb.

Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistikasında özünəməxsus izi olan Şakir Yaqubov haqqında danışaraq deyib: “O, təpədən dırnağa, qanına-iliyinə qədər jurnalist, mətbu sözün böyük cəfakeşi idi. Şakir Yaqubov istedadlı qələm sahibi, müxtəlif janrlarda yazılmış bir neçə kitabın, saysız-hesabsız qəzet məqaləsinin müəllifi olmaqla yanaşı, həm də mahir redaktor idi. Onun ustad redaktor qələmi ilə ən zəif, cılız yazılar da ətə-qana doldurularaq qəzet səhifələrinə çıxmaq hüququ qazanırdı. Ustad jurnalistin son illər çapdan çıxan “Yaddaşımın küncündən” kitabları, eləcə də onun həmkar və dostlarının təşəbbüsü ilə 2017-2020-ci illərdə dərc edilmiş publisistik qeydlərindən ibarət “Yaddaşa son səyahət” kitabları bu sənəti özünə həyat yolu seçənlər, xüsusilə gənc jurnalistlər üçün dəyərli mənbədir. Heç də təsadüfi deyildir ki, onun yaradıcılıq çeşməsindən su içən, zəngin təcrübəsindən bəhrələnən jurnalistlər Şakir Yaqubov yetirməsi olduqları ilə fəxr edirlər”.

Klassik jurnalistikanın ən gözəl ənənələrinin daşıyıcısı olan ustad qələm sahibi haqqında danışan Əməkdar jurnalistlər Elşən Əliyev, Tahir Aydınoğlu, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov, novator.az saytının redaktoru Azər Qaraçənli və başqaları onun müxtəlif illərdə qələmə alınmış “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarından, onun peşəkarlıq keyfiyyətlərindən bəhs ediblər.

Vaxtilə Şakir Yaqubovla bir yerdə işləmiş Sveta Şıxəliyeva, Zemfira Ələkbərova, İmran Bədirxanlı, Süleyman Qaradağlı, yazıçı Şərif Ağayar, yaxın dostları Hüseyn Qaraşov, Hacı Mehman Fərzullayev və başqaları istedadlı qələm sahibinin müsbət keyfiyyətlərindən, onlarla adamın həyatında oynadığı müsbət roldan bəhs edib və xatirələrini söyləyiblər.

Qeyd edilib ki, Şakir Yaqubov Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. O, iki dəfə Əməkdar mədəniyyət işçisi və “Azərbaycan Respublikasının fəxri auditoru” adını alan yeganə jurnalistdir.

Təqdimat mərasimində mərhum jurnalistin qızları Aynur və Aysel Yaqubovalar atalarının xatirəsinə göstərdikləri ehtirama görə tədbirin təşkilatçılarına, kitabı hazırlayanlara və təqdimat mərasimində iştirak edənlərə təşəkkür ediblər.

Həmkarlarının ona həsr edilmiş yazılarından ibarət “Ustadlıq missiyası” və mərhum jurnalistin publisistik qeydlərindən ibarət “Yaddaşa son səyahət” kitabları mərasim iştirakçılarına paylanılıb.

Oxşar xəbərlər