Vidadi müəllim təsərrüfatla da məşğul olurdu. Onun 4 atı vardı. Torpağı əkib-becərməyi, yaxşı məhsul götürməyi və onu paylaşmağı sevirdi. Vidadi müəllim torpağı təkcə əkib-becərməyi bacarmırdı. Həm də onu qorumağı və lazım gələndə uğrunda candan keçməyi də bacarırdı.
2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşündə Vidadi İsrafilov hərbi komissarlığa müraciət etdi və sentyabrın 29-da “Öncə Vətən” deyib, arxasında qoyduğu iki balasını da ata-anasına, sonra dövlətinə həvalə etdi. Atası, müəllimi olduğu məktəbin direktoru olan Vaqif müəllimin sözlərinə görə, onlar Vidadinin getdiyini yazıb qoyduğu məktubdan öyrəniblər: “Həyat yoldaşı gətirdi məktubunu. Vətənin müdafiəsinə getdiyini, 2 balasını böyütməkdə yoldaşına kömək etməyimizi tapşırırdı. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edirdi. Döyüşə-döyüşə Şuşaya qədər gedib çıxdı. Noyabrın 7-də zəng etmişdi. Şuşada qələbə xəbərini oğlumdan aldım. Mənə Xankəndi istiqamətində növbəti əməliyyata hazırlaşdıqlarını da dedi”.
Oğlu ilə bundan sonra danışa bilməyən ata onunla bir də noyabrın 11-də görüşür. Ancaq bu dəfə cansız bədəni ilə. Atası şəhid oğlunu Füzulidəki hospitaldan götürüb. Qalib ordunun qəhrəman döyüşçüsünün qəlpələrdən deşik-deşik olmuş bədənini bağrına basıb: “Oğlumu götürməyə gedəndə mənə həlak olduğu döyüş vəziyyəti ilə bağlı da məlumat verdilər. Dediklərinə görə, müharibənin bitməsinə bir neçə saat qalmış şəhid olub. Onunla bərabər öndə gedən 4 silahdaşı ilə bərabər. Onu evə gətirəndə axşam olmuşdu. Həmin gün dəfn edə bilmədik. Gecəni bizimlə qaldı. Doyunca vidalaşdıq. Səhərisi dəfn etdik. Oğlum pəhləvan kimi idi. Məktəbdə, kənddə, yaşadığı yerdə hörməti vardı. Hamı ona ağsaqqal kimi yanaşır, məsləhət alırdılar. Həm ağıllı, həm də qoçaq idi. Artıq hər kəsin nəzərində həm də bir qəhrəmandır. Bunu indi balaları da bilir”.
Azərbaycanın igid oğlu Vidadi İsrafilov ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda", «Şuşanın azad olunmasına görə» medalları ilə təltif olunub.
Bu gün Vidadi müəllimin - Vətən müharibəsi qəhrəmanının doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, əziz müəllim!
Mina RƏŞİD