Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun ziyalıları, müxtəlif məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirin keçirildiyi məkanda Xocalı soyqırımından bəhs edən sərgi də açılıb.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərkəzin direktoru Rezo Həsənov çıxış edərək Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, Xocalı faciəsinin səbəbindən və acı nəticələrindən danışıb.
Tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Faxralı məktəbinin Azərbaycan dili və ədəbiyyatı fənni müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının müəllifi olduğu "Böyüməyən uşaqlar" kitabının təqdimatı keçirilib.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov bildirib ki, kitabda Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 uşağın acı həyat hekayəsi əksini tapıb.
Mərkəzin direktoru Rezo Həsənov açıqlamasında deyib: "Xocalı faciəsindən 34 il ötür. Lakin Azərbaycan xalqı bu faciənin ağrı-acısını heç zaman unutmur və unutmayacaq. Tədbirin təşkilində məqsəd Xocalı faciəsi ilə bağlı gənclərə məlumat vermək, onların da bu tarixi həqiqətləri özlərindən sonrakı nəsillərə ötürmələrinə vəsilə olmaqdır”.
Bolnisi rayonunun Dəllər (Muşevani) kənd məktəbinin 11-ci sinif şagirdi Sona Namazova isə deyir: "Mən bir müddət Bakıda yaşamışam. Orada bizim Xocalıdan olan bir qonşumuz var idi. O, bu faciə barədə ürək ağrısı ilə danışırdı. Onun danışdıqları bu gün də yadımdan çıxmır. Hərdən öz rəfiqələrim və məktəb yoldaşlarımla bu barədə danışırıq. Bu gün burada bizə təqdim olunan kitab çox təsirli və ağrılıdır”.
"Amma bu gün bir məsələ də var. Azərbaycan öz torpaqlarını azad edib. Biz çox sevinirik. Yəqin ki, həmin uşaqların sevincinə heç nə çatmaz" - deyə, S.Namazova vurğulayıb. (AZƏRTAC)