Doğma Bakımız növbəti dəfə bu xoş mənzərəyə, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı avtoyürüşə şahidlik etdi. Vətən müharibəsindəki şanlı Zəfərimizə həsr edilən bu yürüşə əlilliyi olan hərbçilərlə yanaşı, şəhidlərimizin yadigarları da qoşulub. Avtoyürüşün son dayanacağı isə “Hərbi qənimətlər parkı” olub.
Onlar hər gün, hər an cəbhə bölgələrindən gələn qələbənin qəhrəmanlarıdır, Zəfər döyüşçülərdir. Şanlı qələbəmizin ikinci öldönümü sayılı günlər qaldığı bir vaxtda 44 Vətən müharibəsi əlili dövlət tərəfindən təmin edildikləri avtomibillə Zəfər yürüşündə iştirak ediblər.
Vətən müharibəsi iştirakçısı Nadir Orucov deyir ki, işğalda qalan o torpaqları almaq üçün hər an, hər dəqiqə o hisslər içindəydik ki, burdan geri dönüş yoxdu, ancaq qələbə ilə geri dönməliyik. Şükürlər olsun bugünkü günə. Bu gün Bakı küçələrində dövlətin bizə bağışladığı avtomobilimizlə Zəfər yürüşünə çıxmışıq.
Nemət Qəhrəmanov da Vətən müharibəsi iştirakçısıdır. O deyir ki, indi alnı açıq deyə bilirik ki, biz Qarabağlıyıq, Şərqi Zəngəzurluyuq. Allaha şükürlər olsun ki, bu paydan mənə də qismət oldu. Çox sevinirəm ki, Zəfər yürüşünə mən də qoşuldum. Vətən müharibəsi iştirakçısı Elvin Abbasov Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətində döyüşdüyünü vurğulayaraq bildirir ki, oktyabrın 17-də Füzuli şəhərində ağır döyüşlər zamanı 3 güllə yarası alaraq yaralandım. Bu gün çox xoşbəxtəm. 2020-ci ilin bu vaxtlarında biz səngərlərdə düşmənlə döyüşürdük, amma şəhidlərimizin qanı-canı bahasına torpaqlarımızı azad etdik və bu gün Zəfər günümüzü qeyd edirik.
Vətən müharibəsi iştirakçısı Elşad Orucov da döyüş yoldaşlarına qoşulur və deyir ki, sağ olsun dövlətimizi, bizə qayğı göstərib, avtiomobillə, protezlə təmin ediblər. Zəfərimizin ikinci ildönümünü qarşıladığıma görə çox şadam.
Vətən müharibəsi iştirakçısı Taleh Camalov Zəfər yürüşü zamanı “Hərbi qənimətlər parkına” gələrək qürur və iftixar hissiylə bildirir ki, əks-hücumda vurduğum tank hazırda burdadır. Bu sevinci sözlə ifadə etmək çətindir, yəni, çox xoşbəxtəm ki, az da olsa Vətən müharibəsində mənim də əməyim var.
Doğma Bakımızda belə sevinclə Zəfər yürüşünə çıxmaqla fərxr edirəm. Allah dövlətimizi var eləsin. Məni protezlə, maşınla təmin edib, evlə də təmin edəcək.
Zəfər yürüşündə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli “bu proqramlar çərçivəsində 119 min şəxsə 243 mindən artıq xidmət göstərilib və proqramlar bu gün də icra olunmaqdadır. Zəfərimizdən iki ilə yaxın bir vaxt keçməsinə baxmayaraq biz bu müddət ərzində 4 minədək mənzil və fərdi evi müharibə əlillərinə və şəhid ailələrinə təhvil vermişik-, deyə məlumat verib.
Hazırladı: Tahirə AĞAMİRZƏ