Layihənin əsas məqsədi azad olunan ərazilərə əngəlsiz qayıdışla bağlı vəziyyəti araşdırmaq, sakinlərin doğma yurdlarına qayıdışına mane olan mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə çatdırmaq olub. Bu məqsədlə Azərbaycan və ingilis dillərində Qarabağ və Şərqi Zəngəzurda minalardan zərər çəkən mülki şəxslərin hekayələrini, minatəmizləmə əməliyyatlarını və əldə olunan nəticələri əks etdirən “Əngəlsiz Qayıdış” adlı qısametrajlı film çəkilib. Filmin geniş təqdimat mərasimi keçirilib. İctimai Birliyin sədri Anar Yusifzadə bildirib ki, layihənin məqsədi mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə insan hekayələri vasitəsilə çatdırmaqdır. Filmin ssenari müəllifi Esmira Namiqqızı Füzuli rayonunun Alxanlı kəndində çəkilən film müharibənin faciəsini yaşayan - doğma yurdlarından məcburi köçkün düşən bir ailənin başına gələn hekayədən bəhs etdiyini söyləyib. Rejissoru Elnur Cəbrayılov olan filmin qəhrəmanı, minadan zərərçəkən Asif Əhmədov və iki şəhid, bir qazi anası Nailə Əhmədova çıxış edərək, insanları mina faciəsi yaşamamaq üçün ehtiyatlı olmağa çağırıblar.
Tədbirdə çıxış edən millət vəkilləri Ceyhun Məmmədov, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Tahir Rzayev, Sevil Mikayılova, Razi Nurullayev, Vüqar İskəndərov, “Konstitusiya” Araşdırmalar Fondunin prezidenti Əliməmməd Nuriyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, politoloq Anar Əliyev, “Qadın İslahatçıları və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli, jurnalist Elşad Məmmədli, Bəxtiyar Hacıyev, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev filmin peşəkarlıqla hazırlandığını, olduqca təsirli olduğunu və cəmiyyətə çoxsaylı sosial mesajlar verdiyini bildiriblər.
İctimai Birliyin sədr müavini Jalə Sabirqızı çıxış edərək, “Əngəlsiz qayıdış” layihəsi üzrə həmçinin azad olunan ərazilərdə əlilliyi olan şəxslər üçün yaradılan mövcud mühit, infrastrukturun müəssərliyinə dair hazırkı vəziyyət, çətinliklər və imkanlar haqqında Araşdırma Hesabatının hazırlandığını bildirib. Aparılan tədqiqatda əlilliyi olan şəxslərin azad edilən ərazilərdə maneəsiz məskunlaşması, reabilitasiyası və sosial, iqtisadi, mədəni həyata inteqrasiyasına dair təkiliflərin yer aldığını qeyd edib. (Trend)
Videonu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=4YZbQB16awM