28.04.2026, 19:03
AZ EN
22.04.2026, 15:10 286

“Bir vaxt oxuduğun məktəbə müəllim kimi qayıtmaq insana qürur verir...”

QARABAĞ
  • Doğma Xocalıya qayıtmağı atası ona vəsiyyət etmişdi. Ağır köçkünlük illərində Teymur müəllim də, öz övladlarına bunu vəsiyyət elədi. Demək ki, şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilən Vətən torpağının hər qarışı bizim üçün müqəddəsdir. Beləcə, Teymur müəllim 13 yaşında ayrıldığı Ballıca kəndinə düz 36 il sonra qayıdanda birinci əyilib torpağı öpdü, əhdinə sadiq oldu, düşündü ki, daha bundan sonra ölsə də heç bir dərdi yoxdur. Çünki o ən böyük arzusuna çatıb, ata mülkünə sahib çıxaraq onu övladlarına təhvil verib...     

Əzimov Teymur Feyzulla oğlu 12 may 1975-ci ildə Xocalı rayonunun Ballıca kəndində anadan olub. O, hələ kiçik yaşlarında olarkən 1988-ci il sentyabrın 19-da ermənilərin kəndə hücumundan sonra ailəsi Xocalı şəhərinə pənah gətirib. 1992-ci ildə Xocalı faciəsi zamanı Teymur müəllimin də ailəsi köçkün düşüb. Onlar 17 il Oğuz rayonunun Baş Daşağıl kəndində məskunlaşıb yaşayıblar. Bütün bunları Teymur müəllim “Vətən səsi”nə danışdı: “2009-cu ildə Goranboy rayonunun Meşəli kəndində dövlətin bizim üçün inşa etdiyi qəsəbədə tikdiyi evlərə köçdük. 2020-ci ildə 44 günlük şanlı Vətən Müharibəsində dövlətimizin, Müzəffər Ali Baş Komandanımızın, şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu. Şükürlər olsun ki, biz bu gün doğma Xocalıda yaşayırıq. 13 yaşında çıxdığım evimizə 49 yaşında, düz 36 il sonra, 2024-cü ildə qayıtmışam”.

Teymur müəllim deyir ki, bu gün doğma Ballıcada bir vaxt oxuduğun məktəbə müəllim kimi qayıtmaq insana qürur verir. Bu bizim ən böyük arzumuzdu. Həmişə deyirdik ki, biz qayıdacağıq. Heç vaxt ümidimizi üzmədik. Atam mənə kəndə qayıtmağımı vəsiyyət eləmişdi. Mən də bunu övladlarıma vəsiyyət etmişdim. Teymur müəllimin bir oğlu, bir qızı var. Deyir ki, kaş ata-anam da öz tikdikləri evi gəlib görəydilər. Amma bu onlara qismət olmadı...

Xocalı sakini deyir ki, yaşadıqlarını, bu gün doğma torpaqdakı sevinc hissini sözlə ifadə etmək bəzən çətin olur: “Ballıcanı, kəndi başdan-başa gəzəndə mənə elə gəldi ki, bir ildi buradan çıxmışam. Çünki uşaqlıqdan bu torpaq mənim yaddaşıma həkk edilmişdi. İndi bütün ailəmiz sevinc içindədir. Xoşbəxtik ki, doğma Qarabağa, Xocalıya, Ballıcaya qayıtmışıq”.

Söhbətləşdi: Mina RƏŞİD

Oxşar xəbərlər