O qeyd edib ki, 30 il işğala məruz qalmış, unikal florası ilə məşhur olan Qarabağda yayılan 121 nadir Azərbaycan və Qafqaz endemikləri var ki, onların çox hissəsinin III nəşrə daxil edilməsi zərurəti yaranıb:
"121 Qarabağ növündən cəmi 58-i II nəşrdə qiymətləndirilib. Botanika İnstitutunun əməkdaşları, həm də digər müəssisələrdə çalışan botaniklər yeni siyahılar tərtib edib. Lakin bu siyahılarda adları çəkilən bitkilərin hər biri "Qırmızı kitab”- ın beynəlxalq qiymətləndirmə metodu olan IUCN Qırmızı siyahısı üzrə qiymətləndirilməli, onların xəritələri tərtib edilməlidir. Ümumi siyahılara diqqət etdikdə görünür ki, dəqiqləşdirilmiş 50 növ və tam dəqiqləşdirilməmiş (IUCN qiymətləndirilmə üzrə) 100-dən çox növ var ki, nadirlik statusundadır”.
Alim əlavə edib ki, son tədqiqatlara görə, hazırda ali bitkilərin ən azı 10 %-i nadir və məhv olmaq təhlükəsi altındadır.
"Burada qədim dövrlərdən qalmış reliktlər, Qafqaz və yalnız Azərbaycana məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların böyük bir qismi ərzaq, yem, dərman, texniki, ədviyyat, dekorativ və b. əhəmiyyətlidirlər, ona görə də təbiətdən kütləvi toplanaraq nadirləşirlər. Həmin növlərin genofondunu əks etdirən növdaxili sistematikası işlənib hazırlanmalıdır. Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşan və Naxçıvan MR-nın “Qırmızı kitab”a daxil edilməyən 25, Gəncə-Qazax ərazisindən 33, Qarabağdan 121 endemik növdən yalnız ərazi florası ilə məhdudlaşan 60-dan çox növ, Böyük Qafqazdan 11 növün daxil edilməsi məqsədəuyğundur. Bundan başqa, Qafqaz üçün yeni təyin edilmiş növlər var ki, onların yeganə yayılma mərkəzi Azərbaycan florasıdır. Onların da yeni siyahıda yer alması vacibdir. Belə hesab edilir ki, Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə 300-ə qədər növ daxil ediləcək, bununla bahəm 150-dən çox növ çəhrayı siyahıya salınacaq” - Səyyarə İbadullayeva bildirib.
“Qırmızı kitab”- ın III nəşri ilə bağlı yekunlaşma tarixinə gəldikdə isə o bildirib ki, işlər tam olaraq gələn ilin mayına qədər bitəcək. (APA)