22.04.2026, 16:17
AZ EN
22.04.2026, 14:43 54

Avropa İttifaqı Ermənistana yeni missiya göndərir

XƏBƏRLƏR
  • Avropa İttifaqı (Aİ) Ermənistana yeni missiya göndərməyə hazırlaşır. Həmin beynəlxalq təşkilatın xarici işlər nazirləri bu gün Ermənistanda yeni mülki missiyanın fəaliyyətə başlamasına icazə veriblər.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nun erməni xidməti məlumat yayıb. Məlumata görə, missiya İrəvana seçki prosesinə qarşı xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə kimi hibrid təhdidlərlə mübarizədə kömək edəcək.

“Azatutyun”un xəbərində deyilir ki, missiya yaxın aylarda fəaliyyətə başlayacaq. Razılaşmaya əsasən, iki illik mandata malik olacaq və "Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası” (EUPM Armenia) adlandırılacaq. Qərarda deyilir ki, EUPM Aİ-nin Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi Aİ missiyasını (EUMA) əvəz edəcək. EUMA-nın dörd illik mandatı 2027-ci ilin əvvəlində başa çatır. Yeni missiyada əsasən paytaxtda Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək 20-30 nümayəndənin olması gözlənilir.

Missiyanın məqsədi Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsini dəstəkləmək, dezinformasiya, kiberhücumlar və qanunsuz maliyyə axınları ilə mübarizə səyləri də daxil olmaqla hibrid təhdidlərin aradan qaldırılmasıdır. Ermənistandakı "news.am" portalında yayılan məlumata görə, rəsmi İrəvan bu qərarı alqışlayıb. Bildirilir ki, missiya ilkin olaraq iki illik fəaliyyəti müddətində qeyd olunan sahələrdə institusional potensialın inkişafına, Ermənistan cəmiyyətinin mövcud çətinliklərə qarşı dayanıqlığının artırılmasına töhfə verəcək. O da qeyd olunur ki, Ermənistanın müraciəti əsasında qəbul edilən mülki missiyanın yerləşdirilməsi qərarı mayın 5-də keçiriləcək ilk Ermənistan- Avropa Birliyi tərəfdaşlığının strateji gündəliyindən irəli gələn növbəti birgə təşəbbüslərdən biridir.

Elxan SALAHOV

Oxşar xəbərlər