Bu sözləri AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, Alban dövrünə aid olan məbəd kompleksi Ağdam rayonunun Ballıqaya kəndindən üç kilometr şimal-şərqdə yerləşir. Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində dağıdılan məbəd kompleksi hazırda bərbad vəziyyətdədir. Ermənilər 30 illik işğal dövründə bu abidəni bərpa etməyə cəhd belə göstərməyiblər.
Məbəd kompleksinin yerləşdiyi ərazi iki bitişik bina, vestibül, yardımçı otaq, hücrələr və qəbiristanlıqdan ibarətdir. Kompleksin əsas kilsəsi onun şimal-şərq hissəsində yerləşir. Kilsənin içərisi təknefli zal, xarici isə xaçvari formada tikilib. Kilsənin şərq tərəfində nal formalı apsis var. İbadət zalının cənub və şimal yan divarlarında açılan qapılar apsislərə də malikdir. Məbədin Şərqə baxan tərəfində kiçik pəncərə var.
Qeyd edilib ki, kilsənin daxili divarlarında orta əsr memarlığına xas olan müxtəlif dərinlikdə və ölçüdə yeddi taxça açılıb. Şərq hissəsində əsas apsisdən sərdabəyə keçid əyri xətlə aparılır. Eyni üslubu binanın qərb tərəfində də görürük. Bu, Alban kilsə memarlığında nadir hal kimi qiymətləndirilə bilər. Kilsənin hündürlüyü 4 metr, eni 4,8 metr, uzunluğu 8 metrdir. Yeganə giriş qapısı qərbdən açılır. Hündürlüyü 4 metr, eni 4,5 metr, eni 8 metr olan vestibül əsas məbədə bitişik qərb hissəsində, şimaldan cənuba istiqamətlənmiş və şimal tərəfdə bir pəncərəyə malikdir. Kilsəyə və cənubdan vestibülə bitişik bina yerləşir ki, onun şərq hissəsində düzbucaqlı yerləşən zal yarımdairəvi apsislidir. Kompleks kobud və yarı yonulmuş daşlarla tikilib.
Ermənilər öz əlləri ilə dağıtdıqları bu məbəd kompleksini İkinci Qarabağ müharibəsindən sonra erməni qriqoryan kilsəsi kimi təbliğ etməyə başlayıblar. Burada yenə bir sual yaranır? Əgər bu kompleks erməni mədəni-irsinə aid idisə, niyə dağıdırdınız?
İkinci Qarabağ müharibəsindən dərhal sonra bu cür xaçların və yazıların kompleksin divarlarına yerləşdirilməsi heç bir məna kəsb etmir. Ermənilərin bu fəaliyyəti abidənin mənimsənilməsinə cəhd kimi qiymətləndirilməlidir. (AZƏRTAC)