Bunu Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru Nuru Məmmədov Qərbi Azərbaycandan özünün və ailəsinin deportasiyası zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən bəhs edərkən deyib.
Onun sözlərinə görə, ermənilər 1988-ci ilin aprel ayından indi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazilərində yaşayan azərbaycanlıları yenidən sıxışdırmağa başlayıblar:
“Erməni daşnaklarının həyata keçirdikləri anti-Azərbaycan siyasəti İrəvandakı mitinq iştirakçılarının başlıca şüarına çevrilmişdi. Onlar istər İrəvanda, istərsə də ətraf rayonlarda azərbaycanlı ailələrin evlərinə, mülklərinə basqınlar edirdilər. Mən də İrəvan şəhəri yaxınlığında Zəngibasar mahalının Aşağı Neçili kəndinin sakiniyəm. 11-ci sinifi Zəngibasar məktəbində bitirmişəm, ali məktəbə qəbul olduqdan sonra Bakıya gəlmişəm”.
1988-ci ilin aprel-may aylarında daşnakların ayrı-ayrı müsəlman ailələrin əkin-biçinlərinin hamısını məhv etdiyini, ağacları sındırdığını, maşınlarına od vurub yandırdıqlarını deyən professor bildirib ki, azərbaycanlıları qovmaq üçün açıq şəkildə təzyiq edirdilər:
“Bildirirdilər ki, bura sizin vətəniniz deyil, köçün Azərbaycana. Azərbaycanlılar isə cavabında buranın ata-baba yurdları olduğunu və getməyəcəklərini deyirdilər. Bu zaman ermənilər onları döyür, qollarını-ayaqlarını sındırır, özlərini isə təhqir edirdilər. 50-100 nəfərdən ibarət silahlı erməni dəstələri kəndlərimizə hücum edir, kəndləri çapıb-talayır, insanlara divan tuturdular. Kənd əhalisi isə özünü sadəcə ov tüfəngləri ilə qoruya bilirdi. Hansı ki, həmin ov tüfəngləri yalnız 5-6 ailədə var idi”.
“Kəndimizin kənarından Zəngi çayı axırdı. Azərbaycanlılar həmin çaya tərəf çəkilir, gecələr qamışlıqlarda, bataqlıqlarda gizlənirdilər ki, erməni silahlı dəstələri onları güllələməsin. Mənim əmim, dayım, bibim, xalam uşaqları, bütün ailəm o qamışlıqlarda gizlənib, özlərini müdafiə etməyə çalışıblar. Qardaşım da atamdan yadigar qalan ov tüfəngi ilə kəndi qoruyan sakinlərin dəstəsinə qoşulmuşdu.
1988-ci ilin yay aylarında bizim kəndin əhalisi qonşu kəndlərin əhalisi ilə birlikdə Türkiyə sərhədinə üz tutdular. Həmin vaxt da qardaş Türkiyə hökuməti azərbaycanlıları müdafiə etmək üçün bir neçə dəfə Sovet hökumətinə nota göndərmişdi. Lakin bütün bunlar heç bir nəticə vermədiyi üçün elə həmin vaxt bütün Qərbi azərbaycanlılar öz yurdlarından didərgin düşməyə məcbur oldular. Onlar malını-mülkünü, evlərini, bir sözlə hər şeyini orada qoyaraq öz yurdundan qovuldu.
1988-ci ilin sentyabr ayında mənim ailəm də dədə-baba yurdumuzdan çıxmağa məcbur edildi. Anam və qardaşım bu dərdə dözə bilməyib dünyasını dəyişdi. Daha sonra bacılarımdan, bibim və əmim uşaqlarında da vəfat edənlər oldu. Geridə qalanlar isə pərəm-pərəm düşərək hər biri fərqli rayonlarda həyatını mənəvi sarsıntılarla davam etdirməyə çalışdılar. Ermənilər bütün azərbaycanlı ailələr kimi bizim ailəmizə də ağır zərbələr vurdu” - N.Məmmədov bildirib. (Report)