Iyulun 5-də keçirilən təlimlərdə media nümayəndələrinə müharibə, daxili münaqişə, pandemiya, təbii fəlakətlər, qəzalar zamanı fotoqrafların çəkiliş aparması qaydaları, eləcə də texniki avadanlıqların necə saxlanılması izah olunub, hərbi fotoqrafiyanın tarixi barədə mühazirələr deyilib.
Media nümayəndələrinə təhlükəli zonalar, ölüm hallarının ən çox qeydə alındığı bölgələr barədə məlumatlar verilib. Jurnalistlərin getdiyi ölkələrin mədəniyyətini, dəyərlərini, ölkə gündəmini, insanların psixologiyasını bilməsinin peşə fəaliyyətinə çox böyük töhfə verdiyi vurğulanıb və təlimçilər mövzu ilə əlaqədar öz təcrübələrindən danışıblar.
Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb.
Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.
Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar. (AZERTAC)