"Vətən səsi" xəbər verir ki, Paşinyan Rusiyanın keçmiş Qarabağ münaqişəsindən istifadə edərək Ermənistanı tələyə saldığını açıq şəkildə söyləyib və buna görə vaxtilə Qarabağda qanunsuz silahlı dəstələrə rəhbərlik etmiş keçmiş prezidentlər Robert Köçəryanla Serj Sərkisyanı günahlandırıb. Baş nazir Köçəryan və Sərkisyanın Rusiyanın agentləri olduğunu da deməkdən çəkinməyib: "Ermənistan vətəndaşları əsəbiləşir və bizdən şikayət edirlər ki, hələ də Robert Köçəryan və Serj Sərkisyanla, onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verirsiniz. İnsanlar deyirlər ki, bəzən elə təsəvvür yaranır ki, sizin üçün çox rahat yer olduğu üçün bu söhbətlərə girirsiniz, amma real problemləri, müzakirə olunmalı məsələləri, qərarlar verilməli olan məsələləri kənara qoyursunuz".
Paşinyan onu da vurğulayıb ki, real problem parlamentli idarəetmənin xüsusiyyətlərindən qaynaqlanır, əsas söhbətin tərəfləri hökumət və müxalifətdir. Onun sözlərinə görə, bu məsələ vaxt itirmədən birdəfəlik həll edilməlidir: "Mənim təəssüratım budur ki, bu boşluq aradan qaldırılmalıdır və bunu həll etməyin yolu yaxın zamanda keçiriləcək parlament seçkilərində bu şəxslərin rəhbərlik etdiyi qüvvələrin parlamentdə olmamasıdır. Bu, həll yoludur. Onlar olduğu müddətcə bu söhbət davam edəcək. Hesab edirəm ki, vaxtı çatıb, bu məsələ həll olunmalıdır”.
Ermənistanın uzun illər Rusiyanın təsiri altında olduğunu deyən Paşinyan bildirib ki, 2018-ci ilədək İrəvanda hakimiyyət "böyük qardaş"ın təsirində idi: "Köçəryan və Sərkisyan isə həmin dövlətin agentləri idi. İndi Ermənistan müstəqil dövlətdir, yalnız müstəqil deyil, həm də suveren iradə mərkəzinə malikdir və qərarlar qəbul edə bilir. Biz nəhayət etiraf etməliyik ki, Ermənistan necə bu təsir altında qalıb: bir alətlə - Qarabağ məsələsi ilə. Başqa səbəb yoxdur, Ermənistan artıq bu tələdən çıxıb".
Elxan SALAHOV