Murov zirvəsi və Talış yüksəkliyi uğrunda döyüşən əsgərlər qələbənin ilk qaranquşları idilər...
Rəşad Mirzəli Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən, şəhidlik zərvəsinə ucalan igidlərimizdən biridir. O, 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. 5 yaşında olarkən valideynlərinə israrla məktəbə getmək istədiyini deyib və elə həmin yaşda ibtidai təhsilə başlayıb. Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Azərbaycanda 6 ay qulluq etdikdən sonra digər əsgər yoldaşları ilə birlikdə könüllü Əfqanıstana yollanıb və 2014-cü ildən 2015-ci ilə kimi xidmətini orada davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunub.
Şəhidimizin anası Afidə Mirzəli bildirir ki, Ərdoğan hədiyyə etdiyi gümüş saatı özü şəxsən Rəşadın qoluna bağlayıb:
"Həmin saatı evdə xatirə saxlayıram", - deyən Afidə xanımın sözlərinə görə, övladı xidmətini başa vurduqdan sonra Azərbaycana geri qayıdıb, daha sonra müddətdən artıq hərbi xidmətə başlayıb: "Deyrdi, Vətəni işğalda olan oğul heç vaxt başqa işə getməz. Hərbiyə getmək lazımdır ki, torpaqlarımızı azad edək. 2016-cı il Aprel döyüşlərində iştirak etmək istəyirdi, ancaq alınmadı.
3 illik müqaviləsi başa çatdıqdan sonra boş dayanmadı, Mingəçevir şəhər İdman və Turizm Kollecinə daxil oldu. Eyni zamanda, gizirlik kursundan keçdi və Goranboyun Ağca kəndinə təyinatını aldı. Orada N saylı hərbi hissədə gizir kimi xidmətə başladı. Nümunəvi, intizamlı olduğu üçün onu tağım komandiri Elçin Tağıyevin müavini təyin etmişdilər. Əsgərlərinə böyük qardaş kimi yanaşırdı. Çox istəyirdi onları. Deyirdi, əsgərlər analarının yanından gəliblər, darıxırlar. Onları başa salıram, söhbət edirəm ki, hər birimizin borcudur, kişilik məktəbidir. Vətən müharibəsi başlayanda zəng etdi ki, hər şey qaydasındadır, narahat olma. Çətinliklər haqqında danışmazdı, heç vaxt sirr verməzdi.
Rəşad və əsgər yoldaşları Murov zirvəsi və Talış yüksəkliyi uğrunda döyüşürdülər. Onlar qələbənin ilk qaranquşları idilər. Murov uğrunda gedən döyüşlərdə əsgər yoldaşlarından biri yaralanıb zədə aldığı üçün bir ayağı amputasiya olunub. Həmin qazi deyirmiş ki, Rəşad məni odun, alovun, erməninin içindən yaralı şəkildə çıxarıb və 4 kilometr yolu çiynində daşıyıb.
"Qazi yoldaşları danışırdı ki, Talış uğrunda gedən döyüşlərdə güllənin altında nəinki yaralı, hətta şəhid əsgərlərin meyitlərini belə döyüşə-döyüşə çıxarırmış. Oğlum özü qolundan yaralanıb. Komandir ona deyib ki, yaralı əsgəri apar və özün də geri qayıtma, sənə ilkin yardım göstərsinlər. Bir də baxıblar ki, Rəşad yenidən döyüş mövqeyinə qayıdıb və onlarla birlikdə vuruşur. Sonuncu dəfə oktyabrın 1-i səhər tezdən saat 5-də döyüşə qayıdıblar. Günorta saat 3-də şəhid xəbəri gəldi. İndi hamı Şuşa döyüşlərindən danışır. Amma nəzərə almaq lazımdır ki, müharibənin açarı Talış, Murov döyüşləri olub”.
Afidə xanım əlavə edib ki, Rəşad heç vaxt Qarabağda ermənilərin yaşamasını qəbul edə bilmirdi. Müharibənin başlayacağı günü səbrsizliklə gözləyirdi:
"Deyirdi, adamın qanı götürmür. Necə ola bilər ki, belə gözəl yerlərimizdə ermənilər yaşasınlar. Gələcək nəsilə bu torpaqları hədiyyə etmək lazımdır. Qarabağ azad olunandan sonra gözəl həyat başlayacaq. İndi biz rahat həyatdan danışsaq, haram olar. Arzuları böyük idi. İstədiyi qız var idi. Elçi getmək istəyirdik. Karantinə görə saxlamışdıq..."
Gizir Rəşad Mirzəli 2020-ci il oktyabrın 1-də Tərtər rayonu Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
O, ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ