23.04.2026, 11:55
AZ EN
23.04.2026, 09:10 57

“İmarət” stadionu UEFA-nın tələblərinə uyğun inşa edilir

QARABAĞ
  • Yeni tikilən "İmarət" stadionu Ağdam şəhərinin simvollarından biri olacaq. İşğal zamanı dağıdılan şəhər stadionu hazırda bərpa olunmuş tarixi İmarət Kompleksinin ərazisində idi. İndi isə yenidən qurulan Ağdam şəhərində müasir tələblərə cavab verən stadion inşa edilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion ümumilikdə 19,2 hektar ərazini əhatə edir.

“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr qurulacaq. Stadionun ərazisində əlavə məşq meydançası, həmçinin qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.

Stadion tək futbol yarışlarını izləmək üçün yox, şəhər əhalisinin vaxtlarını səmərəli keçirmələri üçün də nəzərdə tutulub. Belə ki, şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması da nəzərdə tutulub.  Həmçinin stadionda müasir monitorlar, nəzarət, giriş-çıxış, səs, işıqlandırma və digər kommunikasiya sistemləri quraşdırılacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Burada yerli və beynəlxalq yarışların keçirilməsi üçün də şərait olacaq. Bu da regionun məhz idman sahəsində inkifaşının bariz nümunəsi olacaq.

Xatırladaq ki, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən Ağdam şəhərində yeni "İmarət" stadionunun təməli qoyulub. Stadionun tikintisinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2028-ci ildə nəzərdə tutulub.

Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər