Məqalədə uzunmüddətli hərbi işğal nəticəsində Azərbaycanın ərazilərinin minalarla çirklənmə problemi ilə üzləşdiyi, dünyanın ən çox minalanmış ölkələrindən birinə çevrildiyi bildirilir. Qeyd olunur ki, ölkə ərazisinin təxminən 12 faizinə səpələnmiş 1,5 milyon mina və dağıntılar münaqişənin acı nəticələrini əks etdirir. Minalar, həmçinin mülki əhalinin həyatını təhlükə altında qoyur və sosial-iqtisadi inkişafa maneə olur.
Müəllif diqqətə çatdırır ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina partlayışları nəticəsində 350-dən çox insan həyatını itirib və ya xəsarət alıb. Son 30 ildə isə mina partlayışları 3424 nəfərin həyatına son qoyub.
Vurğulanır ki, Ermənistanın yerləşdirdiyi minaların dəqiq xəritələrini verməkdən imtina etməsi və beynəlxalq yardımın cəmi 5 faizlə məhdudlaşması işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmininə və bərpa prosesinə maneə yaradır. Azərbaycan yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edərək digər ölkələri Ermənistanın mina siyasətinə etiraz bildirməyə çağırır, həmçinin İrəvandan minalanmış ərazilərin dəqiq xəritələrini tələb edir.
Müəllif sonda yazır: “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və digər qurumların əməliyyat imkanlarını, eləcə də humanitar minatəmizləmə təşəbbüslərini genişləndirmək üçün bilavasitə maliyyə töhfələrinə ehtiyac var. Minaların aşkarlanması proqramlarının sürətlə həyata keçirilməsinə, qadınların minatəmizləmə komandasının gücləndirilməsinə, mexaniki minatəmizləmə bacarıqlarının təkmilləşdirilməsinə ehtiyac var. Ərazilərin mühafizəsi və hasarlanması, partlayıcı hərbi sursatlarla bağlı risklərlə bağlı maarifləndirmə tələfat riskini azaltmaqla yanaşı, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıtmalarına, davamlı sülhün təşviqi üçün zəruri olan bərpa və yenidənqurmaya kömək edir”. (AZƏRTAC)