20.10.2024, 05:33
AZ EN
07.03.2024, 12:12 310

Ana, mən burda rahatam

XƏBƏRLƏR
  • Bu gün şəhid Muraz Cabbarovun doğum günüdür.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizim qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Qəhrəman oğullarımız qanları ilə tarix yazdılar.

Adı tarixə düşən belə qəhrəman oğullarımızdan biri də 18 yaşlı, nur üzlü Murazdır.

Özünü tanıyandan Vətənə cani-könüldən vurğun olmuşdu. Amma Qarabağın işğalda olması Murazı çox narahat edirdi. Elə hərbi məktəbi də buna görə seçmişdi. "Kim bilir, bəlkə, Vətən torpağının işğaldan azad olunmasında mənim də bir köməyim olar",- deyə.

2000-ci il martın 7-də Daşkəsən rayonunun Zağalı kəndində anadan olan Cabbarov Muraz İlham oğlu Xüsusi Təyinatlı Qüvvələrin əsgəri idi. Az bir zamanda döyüş sirlərinə yiyələnən və bir çox silahlardan istifadə etməyi bacaran gənc əsgərin xidməti dövründə Vətən müharibəsi başlayıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 10-da ağır döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olub.

Şəhidin anası Zeynəb Cabbarova övlad yoxluğunun acısı, ağrısı ilə yaşasa da, şəhadətindən qürur hissi keçirdiyini bildirib:

-Övladımla fəxr edirəm. O, şəhid olaraq mənim də başıma uca elədi. Hərbi xidmətə gedən zaman tamam başqa yerə düşmüşdü. Lakin öz istəyilə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmaq istəyir və ora gedir. "Rahat yerini niyə dəyişdin" soruşanda deyirdi ki, "ana, bura daha yaxşıdır, çünki burda daha rahatam". Həmişə əsgər yoldaşlarından, komandirlərindən razı olub. Sonuncu dəfə müharibədən öncə görüşmüşdüm. Dedi, narahat olma, az qalıb, qayıdacağam yanına, darıxma. Ondan sonra müharibə başlayanda bir dəfə zəng etdi, amma döyüşə getdiyini demədi. Dedi özündən, qardaşlarımdan müğayat ol, mənə görə də narahat olma, başqa yerdəyəm, müharibə olan ərazidən kənardayam. Mən narahat olmayım deyə, döyüşə getdiyini demirdi.

Sonra günlərlə əlaqə kəsildi, onda narahat olmağa başladım. Harada olduğunu bilmirdik. Xəstəxanaları axtardıq, tapmadıq. Özümə təsəlli verib deyirdim, yəqin, elə yerdədir ki, bizimlə əlaqə saxlaya bilmir. Sonra bir də baxdım ki, balamın nəşini gətiriblər. Əslində bir ana kimi balama nəsə olduğunu hiss etmişdim. Amma istəmirdim övladımı itirdiyimi ağlıma belə gətirim. Yuxularıma girirdi. Onun haradasa rahat yatdığını hiss edirdim. Yoldaşıma dedim ki, xəstəxanaları axtaraq, bəlkə,  oğlumuz komaya düşüb ona görə əlaqə saxlaya bilmir bizimlə... Bəli o, rahat yatırdı, amma şəhid olaraq. Elə həmin gün hiss etmişdim. Arzum idi ki, o qələbə ilə əlində bayraq evinə qayıtsın, qaytarılan torpaqlarda özü sevinərək gəzsin. Desin ki, buranı alanlardan biri də mən olmuşam. Lakin qismət olmadı, qələbə ilə bayrağa sarılmış tabutda gəldi. Bu kənddə tək şəhid anası mənəm, bütün şəhid analarına başsağlığı verirəm. Bilirəm, onlar da mənim kimi övlad acısı yaşayırlar. Lakin başımızı uca edən övladlarımız bizlərin qürurudur".

Muraz Cabbarov döyüşlərdə göstərdiyi igidliklərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə III dərəcəli “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Torpağın nurla dolsun, ruh üzlü şəhidim.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər