Bunu müsahibəsində 20 Yanvar faciəsi zamanı itkin düşmüş, 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “20 Yanvar şəhidi” fəxri adı verilmiş Şövkət Ağayevin qızı Sevinc Rüstəmova bildirib.
Dedi ki, dönəcəyəm...
Qanlı 20 Yanvar gecəsinin ağrı-acısını göz yaşları ilə xatırladan Sevinc Rüstəmova atasını sonuncu dəfə 1990-cı il yanvarın 19-u axşam o, evdən çıxarkən gördüyünü deyib: “Atamın qara plaşını geyinib, qapıya doğru addımladığını gördüm. Evdə öz aramızda rusca danışırdıq. Dedim ki, ata hara gedirsən? Dedi ki, dönəcəyəm. Amma bu günə kimi “Şövkət Ağayevi gördüm” deyən olmayıb...”.
Müsahibimiz vurğulayıb ki, yanvarın 20-si səhər anası ilə atasının axtarışına çıxıblar: “İndiki Dövlət Statistika Komitəsinin yanından metronun “20 Yanvar” stansiyasına qədər getdik. Yadımdadır ki, anamın əlindən bərk tutmuşdum, meyitlərə baxırdım. Çox qorxmuşdum. Nənəm o vaxt “Sovetski”də yaşayırdı. Oraların evinə qədər gedib çıxmışdıq. Ancaq atamı “gördüm” deyən olmamışdı. Yenə də düşündük ki, sağdır, axtarışlarını davam etdirdik. İllərlə Azərbaycan Televiziyasında yayımlanan “Sən haradasan?” verilişində əlimizdə şəklini tutaraq, onu axtardıq. Nəhayət, atam Şövkət Ağayev Həsənoviç 1996-cı ildə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 20 Yanvar hadisələrində itkin düşmüş hesab olundu”.
Ümidimi itirməmişəm...
Sevinc Rüstəmova diqqətə çatdırıb ki, atası 1936-cı il dekabrın 14-də Bakıda ziyalı ailəsində anadan olub. Rusiyanın Moskva şəhərində hüquq təhsili alıb, Nazirlər Kabinetində baş hüquqşünas vəzifəsində çalışıb. Suraxanı Rayon Məhkəməsinin hakimi olub. O, 1983-cü ildə dövlət qulluqçusu işləyən Həqiqət Ağayeva ilə ailə həyatı qurub. Yeganə övladları isə Sevinc Rüstəmovadır.
O bildirib ki, atasızlıq onu çox çətinliklərlə üzləşdirib: “Evin tək uşağı olmuşam. Atalar nəfəslərini qızları ilə alırlar. Bu gün mənim 43 yaşım, 5 yaşında qız övladım var. O, atasına naz edəndə, gözlərim yaşarır. Çünki mənim atam da yaxşı olub. O, məni çox sevirdi, nəvaziş göstərirdi. Bütün bunlardan məhrum oldum. Həyatım boyu yaşadıqlarım məndə xərçəng xəstəliyi yaradıb”.
Müsahibimiz vurğulayıb ki, 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə atasına “20 Yanvar şəhidi” fəxri adı verilib. Şəhidlər xiyabanında onun abidəsi var. “Ancaq mən atamın yoxluğu ilə barışmıram. Onun gələcəyinə inanıram, ümidimi itirməmişəm. Hər yeni ildə Şaxta babadan atamı istəyirdim. Yeni il bayramını sevmirəm. Çünki Şaxta babadan atamı istəsəm də, gəlmirdi. Anam da həmişə deyirdi ki, o qayıdacaq. Amma gəlmədi... Şəhid qızı olmaq, qazi yoldaşı olmaq mənim alın yazımdır”, - deyə o bildirib. (AZƏRTAC)