Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayılın Harovlu kəndində irimiqyaslı bərpa və quruculuq işlərinin növbəti mərhələsinə başlayır.
“Vətən səsi” xəbər verir ki, 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı açıq tender elan edib. Elanda “Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi” işlərinin satın alınması nəzərdə tutulur. Bu işlərə 624 yerlik məktəb binası, 220 yerlik uşaq bağcası, bazar kompleksi, çoxfunksiyalı bina, birmərtəbəli ticarət binası, birmərtəbəli mərasim zalı, birmərtəbəli çayxana, ikimərtəbəli inzibati bina və polis məntəqəsi, habelə İdman-Sağlamlıq Mərkəzi və klub-icma mərkəzinin tikintisi daxildir.
Tenderin şərtlərinə əsasən, işğaldan azad olunmuş Harovlu kəndinin bərpası və yenidən qurulması işlərini nəzərdə tutan layihə üzrə müsabiqədə iştirak haqqı 1500 manat təşkil edir. İddiaçı şirkətlər tələb olunan sənədlərin gələn il yanvarın 10-dək Zəngilan şəhərində yerləşən komissiyaya təqdim etməlidir. Ödəniş şərtlərinə uyğun olaraq malgöndərənin, yəni podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Elxan SALAHOV