Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini, həmçinin Qardaşlıq bağında “Əbədi Şöhrət Məşəli” abidəsini ziyarət edərək önlərinə gül dəstələri düzüb.
“Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi” mövzusunda baş tutan tədbirin əsas məqsədi Xəzəryanı ölkələr arasında vahid media mühiti yaratmaq, informasiyanın saxtalaşdırılmasının aradan qaldırılmasına kömək etmək və konstruktiv dialoq platformasını inkişaf etdirərək regionda mövcud olan müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etməkdir.
IX Xəzər Media Forumu çərçivəsində keçirilən nümayəndə heyətləri rəhbərlərinin görüşündə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxış edərək xalqlar arasında mədəni körpülərin yaradılmasında və media sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsində bu kimi platformalarının vacib rol oynadığını vurğulayıb, eyni zamanda, rəqəmsal əsrdə dezinformasiyanın yayılmasında süni intellektin təsirindən bəhs edərək, ölkəmizin ev sahibliyi etdiyi “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun müvafiq sahədə mübarizənin effektiv üsullarını müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd edək ki, IX Xəzər Media Forumu öz işini növbəti gün plenar iclaslarla davam etdirəcək. (Report)