Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli bu layihə üçün Azərbaycan Dillər Universitetinin seçilməsinə görə universitet rəhbərliyi adından öz təşəkkürünü bildirib. O, qeyd edib ki, Qərbi Azərbaycan torpaqları Azərbaycan coğrafiyasının bir hissəsidir və bu torpaqlara qayıdış hazırda dövlətimizin ən mühüm strategiyasıdır. Cənubi Qafqazda Ermənistan dövlətinin olmadığını və bunun böyük dövlətlər tərəfindən yaradıldığını vurğulayan natiq Qərbi Azərbaycan ətrafında aparılan işlərin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu tələbələrin diqqətinə çatdırıb.
Tarixçi-ekspert Rasim Rzaxanov ermənilərin bu torpaqlara köçürülməsi haqqında məlumat verərək, uydurma erməni dövlətçiliyinin mahiyyətini açıqlayıb. Natiq tələbələrlə mütəmadi olaraq belə görüşlərin keçirilməsinin vacibliyini də vurğulayıb.
Tədbirdə “İrəvan – gizlədilmiş həqiqətlər” adlı film nümayiş olunub. Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov filmə münasibət bildirərək, İrəvanın tarixi-mədəni bir şəhər olmasını qeyd etməklə yanaşı onun strateji əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Sonda Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xatirə Hacıyeva çıxış edərək, Qərbi Azərbaycan tarixinin öyrənilməsinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Böyük qayıdış” konsepsiyasına dəstək olduğunu qeyd edib və tədbirin təşkilinə görə başda rektor, akademik Kamal Abdullayev olmaqla, Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, layihə rəhbərlərinə və bütün tədbiş iştirakçılarına öz təşəkkürünü bildirib.
Hazırladı: Mina RƏŞİD