Azərbaycan əsgəri Səlim Sultanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Əvvəlcə Suqovuşan, Ağdam cəbhələrində savaşıb. Sonrakı döyüş yolu Şuşa istiqamətində olub. 18 yaşlı döyüşçü düşmənlə savaşda şücaəti ilə hərbiçi yoldaşlarının rəğbətini qazanıb. Müharibə zamanı özüyeriyən artilleriya taqımının heyət üzvü kimi xidmətini yerinə yetirib.
Səlim noyabrın 2-də Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Şəhidimizin atası Sultan Sultanov deyir ki, Səlim mərd, qorxmaz oğul idi. Hamının hörmətini qazanmışdı. Vətən müharibəsində Xocalının Çanaqçı kəndində şəhid olub. Bizimlə telefonla danışırdı. Özü döyüşlərdə olsa da, bizə ürək-dirək verirdi. Qələbə qazanacağıq, deyirdi. Sonuncu söhbətimizdə bir neçə gün ona zəng çatmayacağını söylədi. Ondan sonra şiddətli döyüşlərə qatılıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Oğlumla fəxr edirəm. Səlimin bir qardaşı və bir bacısı var.
Şəhid anası Niyazə Sultanova deyir: “Səlim ortancıl övladım idi. Döyüşlər zamanı bir neçə dəfə telefonla danışmışıq. Sağ-salamat qayıdacağam deyirdi. Vətənini çox sevirdi. Vətən uğrunda da şəhid oldu”.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Səlim Sultanov "İgidliyə görə”, “Vətən uğrunda “,“Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Bu gün Azərbaycanın qəhrəman əsgəri Səlim Sultanovun doğum günüdür. Adı Zəfər tariximizə qızıl hərflərlə yazılan Səlim təkcə ailəsinin, yaşadığı kəndin yox, bütün Azərbaycanın fəxri, qürurudur.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, Səlim balamız!
Mina RƏŞİD