Ordumuzun kiçik çavuşu Xəyal Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Elə müharibənin ilk günündə, həlledici döyüşlərdə cəbhənin yarılmasında mərdliklə iştirak edən Xəyal doğma Füzulidə şəhadətə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamlarıına əsasən Xəyal Əliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Şəhidimizin atası Saleh Əliyev deyir ki, Xəyalın ən böyük istəyi işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Bu istək onu ön cəbhəyə - Vətən torpaqları uğrunda döyüşlərə apardı: "Xəyal 2019-cu ildə hərbi xidmətini başa vurub gəldi. Dedi ki, "Hərbçi olmalıyam, torpağımın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməliyəm".
Şəhidimizin anası Ofelya Hacıyeva deyir ki, bütün Şəhidlərə qurban olum! Ana övladının arzularından ürək ağrısı ilə danışır.
Xəyal özü üçün xəyallar qurardı, oxumaq, işləmək, ailəsinin fəxri, qüruru olmaq kimi arzuları vardı. “Məni televizorda görəcəksiniz", deyərmiş. Doğrudan da, indi onu televiziya kanallarından, mətbuat səhifələrindən tanıyırıq. Torpaqlarımızın, o cümlədən doğma Füzulinin işğaldan azad edilməsi həm də, bu 21 yaşlı igid oğlumuzun – Xəyalın arzusu idi ki, ona da canı-qanı bahasına nail olanlardan oldu. 21 yaşında Vətən uğrunda şəhadətə ucaldı.
Bu gün qardaşı Taleh də onunla qürur duyur. Deyir qardaşımı yuxuda görmüşdüm. Həmin günün səhəri şəhid oldu...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Xəyal balamız!
Mina RƏŞİD