21.09.2024, 08:27
AZ EN
31.01.2024, 09:19 269

19 yaşlı qəhrəman şəhid

XƏBƏRLƏR
  • Rüfət kiçik yaşlarından hərb sənətinə maraq göstərirdi. Hətta onun oyuncağı da taxtadan düzəldilmiş avtomat olub. Ona görə də hərbi xidməti zamanı komandirlərinin rəğbətini qazanmışdı, əlindən hər iş gəlirdi. Komandirinin dediyinə görə, onun bir əsgər kimi bacarmadığı iş yox idi. Bir sözlə, Rüfət nümunəvi əsgər idi, fəxri fərman və təşkkürnamələrlə təltif edilib, xidmət etdiyi hərbi hissədə idman üzrə birinci olmuşdu. Vətən müharibəsi başlayanda Rüfətin hərbi xidmətini başa vurub evlərinə qayıtmağına cəmi 4 gün qalmışdı. Sentyabrın 26-da  telefonla atasıyla danışdı. Dedi ki, müharibəyə getdiyini anasına bildirməsin.  

Vətən Müharibəsinin qəhrəman əsgəri, şəhid Rüfət Bəhram oğlu Mayılovun bu gün doğum günüdür. O, 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Xidmət etdiyi hərbi hissədə idman sahəsində dərəcələri yüksək olub, fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.

Azərbaycan Ordusunun igid əsgəri Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rüfət Mayılov Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

19 yaşlı qəhrəman şəhidimiz doğma Göyçay rayonunda böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rüfət Mayılov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Rüfət balamız!

Mina RƏŞİD

 

Oxşar xəbərlər