23.11.2024, 03:45
AZ EN
04.07.2023, 09:00 298

Tovuzun qəhrəman oğlu

XƏBƏRLƏR
  • Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi qəhrəmanlarndan biri də Əmrah Ürfət oğlu Əliyevdir. O,  1997-ci il iyulun 4-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. Kənd məktəbində oxuyub. Ağcabədi və Beyləqanda minamyotçu əsgər kimi hərbi xidmət edib və fəxri fərmanlarla təltif edilib. Əmrah Aprel döyüşlərinin də fədakar iştirakçısı olub.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlər başlayandan bir müddət sonra könüllülərin aparılması dayandırılsa da, Əmrah dəfələrlə Rayon Hərbi Komissarlığına müraciət edərək cəbhəyə getməyini xahiş edib.

Çavuş Əmrah Əliyev Vətən müharibəsi zamanı Füzuli, Hadrut və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Müharibənin son anlarında noyabrın 8-də Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğma Tovuz rayonunun Dondar Quşçu kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Əmrah Əliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə də təltif edilib.
Şəhid Əmrah Əliyev ailəli idi, 2 övladı Vətənə yadigar qalıb. Sağlığında dünyaya gələn 1 yaşlı Adəmdən sonra, 2021-ci ilin ilk günü - yanvarın 1-də ikinci övladı dünyaya göz açıb. Əmrah ölümündən əvvəl balaca igidin adının Rüfət qoyulmasını və hərbçi kimi yetişməsini vəsiyyət edib. Şəhidin həyat yoldaşı Leyla Əliyeva Rüfəti hərbçi kimi böyüdəcəyini, həyat yoldaşının vəsiyyətini yerinə yetirəcəyini deyir:
“Yoldaşım demişdi ki, uşaq doğulanda atamın adını qoyarsan. Mən yoldaşımla fəxr edirəm, qürur duyuram. Vətən sağ olsun!”

Bu gün qəhrəman şəhidimiz çavuş Əmrah Əliyevin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər