19.10.2024, 23:28
AZ EN
20.09.2023, 15:19 308

“Biz sülh istəyirik” sənədli filmi ictimaiyyətə təqdim olundu (FOTO-VİDEO)

XƏBƏRLƏR
  • Birgəyaşayışa səsləyən filmdə keçmişin dərslərini unutmamaqla sülh çağırışlarının təqdir edilməsi Azərbaycanın bu günkü siyasəti ilə üst-üstə düşür və geniş auditoriya üçün ciddi mesajlar verir

2023-cü il sentyabrın 19-da Mingəçevir Media Mərkəzində “Biz sülh istəyirik” sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mingəçevir Valideynlər Assosiasiyasının həyata keçirdiyi   “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində “ElTV” kanalı ilə əməkdaşlıq şəraitində çəkilib.

Filmin qəhrəmanları Kəlbəcər, Şuşa və Ağdamdan olan məcburi köçkünlərdir. Onlar 1988-ci ilə qədər Şuşada, Xankəndidə və Qarabağın digər ərazilərində Azərbaycan əsilli ermənilərlə mehriban qonşuluq şəraitində yaşayıblar. Amma 1988-ci ildə “saqqalılar”ın peyda olması və rus silahlılarının havadarlığı ilə münaqişə, sonra isə müharibə baş verib. Nəticədə bir milyona yaxın məcburi köçkün 30 il ərzində dədə-baba yurdundan uzaqda məskunlaşmağa məcbur olub. Onları filmdə təmsil edən şəxslər bütün məşəqqətlərə baxmayaraq, belə hesab edirlər ki, gələcəkdə birgəyaşayış mümkündür və bunun üçün etibarlı sülh lazımdır.

Mingəçevir Valideynlər Assosiasiyasının və layihənin rəhbəri Fərman Nəbiyev, filmin ssenari müəllifi Elgiz Mahmudov, filmin qəhrəmanlarından Roza Rüstəmova və Gəray Həşimov, Müharibə Veteranları şəhər təşkilatının sədr müavini Rizvan Mikayıllı,  “Abral” tədris mərkəzinin müəllimi Aynur Quliyeva, ELTV-nin aparıcı redaktoru İnqilab Şirinli,  Dini Qurumların İşi üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Əlisa Fərəcov, “Azərbaycan Bələdiyyəsi” qəzetinin bölgə müxbiri İxtiyar Şirinli filmin nümayişindən sonra fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, 30 ilin fraqmentləri ustalıqla ideya ətrafında birləşdirilib və yaradıcı heyət birgəyaşayışa köklənən uğurlu film ərsəyə gətirib. Birgəyaşayışa səsləyən filmdə keçmişin dərslərini unutmamaqla sülh çağırışlarının təqdir edilməsi Azərbaycanın bu günkü siyasəti ilə üst-üstə düşür və geniş auditoriya üçün ciddi mesajlar verir. Hətta təklif edilib ki, gələcəkdə bu ideyanı davam etdirmək, filmi başqa dillərə, o cümlədən ingilis və erməni dillərinə çevirməklkə ictimaiyyətə çatdırmaq məqsədəuyğun olardı.

2023-cü il iyulun 1-dən sentyabrın sonunadək həyata keçirilən  layihə çərçivəsində Yevlax rayonunun 32-ci məhəllə, Mingəçevir şəhərinin  “Yeni həyat” və Bərdə rayonunun 866 saylı  məcburi köçkün qəsəbələrindəməskunlaşan şəxslərlə fokus-qrup müzakirələri və birgəyaşayışla bağlı araşdırma aparılıb.

 

 

 

Oxşar xəbərlər