Ermənistan Azərbaycan ərazisinin bir hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə sərhədinə çox yaxın bir ərazidə - Arazdəyəndə 70 milyon dollar dəyərində ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Təbii ki, zavodun inşası ətraf mühitin, ekosistemin pozulması, biomüxtəlifliyin məhvi, havanın zəhərli tullantılarla çirklənməsi, mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxaracaq. Həmin arzuolunmaz hallardan Naxçıvan, o cümlədən Azərbaycanın digər bölgələri, habelə Türkiyə, İran, Ermənistanın belə zərər çəkməsinə gətirib çıxaracaq. Məlumdur ki, zavodun inşa ediləcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar sözsüz ki, Araz çayına axıdılacaq. Belə bir hal Ermənistanın Azərbaycana qarşı növbəti ekoloji terroru olacaq. Çünki Araz çayının qolu olan Şir arxı da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, onun ekoloji müxtəlifliyinə zərər vurulub. Ermənistanın zavod tikməkdə xoş niyyəti olsa idi sərhəddən kənarda, ölkənin mərkəzinə yaxın belə bir müəssisəni inşa edərdi. Bu barədə məsuliyyətləri öz üzərlərində qalardı və digər ölkənin ərazisinə müdaxilə məqsədi daşımazdı.
Bunu “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev deyib.
V.Babayevin sözlərinə görə, Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatlarının bəyanatından sonra Ermənistanın ətraf mühit naziri məsələyə əsassız münasibət bildirərək zavodun bütün hüquq normalara uyğun tikildiyini deyib. Azərbaycanın məsələyə yanaşmasını isə onların iqtisadi inkişafına maneə adlandırıb: “Ermənistan bütün hüquq normalarına uyğun olaraq zavod tikirsə, niyə Azərbaycan və digər qonşu dövlətlərlə razılaşma yoxdur. Qeyd edim ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Espo Konvensiyasının kobud şəkildə pozulmasıdır. Konvensiyanın şərtlərinə görə Konvensiya tərəfinin öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalı idi. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da müzakirələr aparılmalı idi. Görünür ki, adəti üzrə Ermənistan belə bir sənədin razılaşdırılması və beynəlxalq hüququn qorunmasını ciddiyə almır və öz bildiyi kimi müvafiq addımlar atır. Onsuz da ermənilər Araz çayını ekoloji fəlakətin qurbanı ediblər. Çünki Araz çayı sözün əsl mənasında Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Bundan əlavə, faktlar göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumi region və dünya üçün təhlükədir. Bu baxımdan qeyd edim ki, 40 ildən çox bir müddətdə istifadə edilən istismar müddətini çoxdan başa vuran Metsamor Atom Elektrik Stansiyası hazırda Azərbaycana qarşı təhdid kimi istifadə olunur. Bu, hər kəsə bəllidir. Digər tərəfdən, bölgə üçün böyük ekoloji fəlakət Ermənistan tərəfindən Oxçuçayın mənbəyində yerləşən mis emalı zavodlarının toksik tullantıları ilə ciddi şəkildə çirkləndirilməsidir. Çaya axıdılan kimyəvi zərərli maddələrin çoxluğu diqqət çəkir. Ermənistanda mədən sənayesi üzrə fəaliyyət göstərən xarici şirkətlər ekoloji standartlara riayət etmədiyindən yalnız Zəngilan rayonu deyil, ətraf bölgələr də ekoloji terror təhlükəsi ilə üz-üzə qalıb. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirdiyi üçün çayın Azərbaycan ərazisindən keçən hissəsi bərpaolunmaz deqradasiyaya məruz qalıb. Belə terror əməlləri əsrlər boyu Ermənistanın xislətini göstərir. Bizə məlumdur ki, 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra işğalçılar əbədi və əzəli torpaqlarımızı tərk edərkən meşə ərazilərimizdə bitən nadir ağaclarımızı, bitki örtüyünü məhv edərək, biomüxtəlifliyə ciddi ziyan vuraraq növbəti ekoloji terrora imzalarını atıblar. Hazırda belə bir zavodun Azərbaycanla həmsərhəd ərazidə tikintisi və sənədin bizimlə razılaşdırılmaması, bilərəkdən respublikamızın ərazisinə, kənd təsərrüfatına, ekoloji mühitinə ekoloji terrorun davamı sayıla bilər”. (AZƏRTAC)