20.10.2024, 03:47
AZ EN
27.10.2022, 14:22 521

Qəlbi Vətən sevgisi ilə döyünür

XƏBƏRLƏR

Qəlbi hər zaman vətən, yurd sevgisi ilə döyünən, xoşbəxt gələcək arzulayan, bu yolda bütün əzab-əziyyətə, hətta şəhidliyə belə razı olan milyonlarla gəncimiz var. Elə 44 günlük Vətən müharibəsində də biz bunu gördük, şəhidlər verdik, qazilərimiz oldu. Bax, Vətən, yurd sevgisi budur. Belə igid oğullarımızdan biri olan Qəhrəmanov Nemət Əli oğlu əslən Cəbrayıl rayonundandır. Lakin rayonun işğalından sonra 27 dekabr 1994-cü ildə İmişli çadır şəhərciyində doğulmuşdur. 2001-ci ildə Cəbrayıl rayon 8 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olunan N.Qəhrəmanov 2012-ci ildə orta təhsilini başa vuraraq 2013-cü ilin yanvarında hərbi xidmətə çağırılır. 2014-cü ilin iyul ayında hərbi xidməti başa vuran  Nemət 2015-ci il avqustun 7-də taleyini həmişəlik hərb sənətinə  bağlayır. Məcburi köçkün həyatı yaşayan N.Qəhrəmanov müxtəlif döyüş tapşırıqlarını yerinə yetirərək hərbin sirlərinə yiyələnirdi. Nəhayət gözlənilən gün gəlib çatdı.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində qəhrəman oğullarımızın nələrə qadir olduğunun şahidi olduq. Qazimiz dedi ki, döyüş başlayan gündən biz öz yoldaşlarımızla qucaqlaşaraq bir-birimizi təbrik edir, şəhidliyimiz mübarək, deyirdik. Biz bilirdik ki, bu savaşdan çoxumuz sağ çıxmayacağıq, ona görə də, halallaşıb döyüşə girdik. 44 günlük müqəddəs savaşda Füzuli rayonu istiqamətindəki döyüşlərdə şücaət  göstərən Nemət deyir ki, döyüş dostum Asim Abbasov, kapitan Fəzahir Əliyev, mayor Siyavuş Kərbalayev şəhid oldu, Tərlan Məmmədov, Vüqar Səfərov, Mehbalı Sadıqov və başqaları qazi oldular. İgid döyüşçümüz onu da qeyd etdi ki, Füzuli rayonunun Yuxarı Veysəlli kəndində ağır yaralanaraq ordudan tərxis olnub. Birinci qrup əlil olan N.Qəhrəmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir, bir qız, bir oğlan övladı var.

 

İsa Musayev      

Oxşar xəbərlər