20.09.2024, 01:44
AZ EN
17.06.2023, 09:44 85

40 gün düşmənlə savaşan Həsən

XƏBƏRLƏR
  • Həsən dzayner idi. Amma orduya can atırdı. Onun müddətdən artıq hərbi xidmətə başladığı vaxt Aprel döyüşlərinə təsadüf etmişdi. Vətən Müharibəsində isə düz 40 gün torpaqlarımız uğrunda savaşdı. Doğmaları deyir ki, Həsən bir hərbçi kimi ona aid olan nə vardısa qürurla daşıyırdı. Cəbhədən bizə zəng edirdi və döyüş dostları ilə bir yerdə “Qarabağ Azərbaycandır!” deyirdi...

Azərbaycanın qəhrəman oğlu, Vətən müharibəsi şəhidi, MAXE əsgər Həsən Bəhrəm oğlu Bayramov 1992-ci il iyunun 17-də Göygöl rayonunun Sarısu kəndində doğulub. 2000-ci ildə Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2009-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Gəncə Humanitar Kollecinin (indiki Gəncə Dövlət Regional Kolleci) “Maliyyə işi” ixtisasına daxil olub. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Həsən Bayramov MAXE hərbi qulluqçu kimi döyüşlərə qatıldı. Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə mərdliklə savaşaraq qəhrəmanlıqlar göstərdi.
O, manqa komandiri kimi olduğu döyüşlərdə həm tapşırıqları yerinə yetirməyə, həm də əsgərlərini qorumağa çalışırdı. Hətta mina qəlpələri ilə yaralananda belə, ona kömək etmək istəyən əsgərlərinə təhlükəsiz əraziyə çəkilməyi əmr etmişdi. Həsən düz 40 gün düşmənlə savaşdı.

2020-ci il noyabrın 5-də də Laçın dəhlizində şəhadətə ucaldı. Müharibənin bitməsinə çox az qalmışdı...

Şəhidimiz 2020-ci il noyabrın 27-də Gəncədə Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Həsən Bayramov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi.

Şəhidlər ölməz, Vətən bölünməz!
Bu gün qəhrəman Həsən Bayramovun doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR